CƏMİYYƏT
İçərişəhərdə gəzintiyə çıxmaqla yanaşı şahmat da oynaya bilərsiniz
Bakı, 1 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ölkəmizdə idmanın bu növünün inkişafına öz dəstəyini hər zaman olduğu kimi özünəməxsus şəkildə ifadə edib.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Təhsil Nazirliyinin dəstəyi ilə İçərişəhərin dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Qız qalasının qarşısındakı meydanda küçə şahmatı quraşdırılıb. Qədim oyunun böyük fiqurlarının düzüldüyü şahmat meydanı İçərişəhərin koloritini artırmaqla yanaşı, tarixi ansambla xüsusi gözəllik bəxş edir. Küçə şahmatı intellektual oyunları, asudə vaxtını fərqli və mənalı keçirməyi, kreativliyi və ünsiyyəti sevən insanlar üçün ən uyğun və orijinal seçimdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi intellektual oyunlara marağı və bacarığı olan Bakı sakinlərini, eləcə də şəhərimizin qonaqlarını İçərişəhərdə, Qız qalasının yanında gəzintiyə çıxmaqla yanaşı, şahmat oynamağa dəvət edir.