İQTİSADİYYAT


İçərişəhərin 5 əsas görməli yeri

A+ A

Orta əsrlər şəhəri – İçərişəhər - hazırda UNESCO-nun Dünya İrsi obyekti nə vaxtsa əlçatmaz qala divarları sayəsində dövrümüzə praktik olaraq dəyişilməmiş görkəmdə gəlib çatıb. Bu möhtəşəm tarix-memarlıq qoruğunun mərkəzində iki min ildən çoxdur ki, rəvayətlərin mövzusuna çevrilmiş Qız qalası və ölkənin onlarca digər nadir abidələri yerləşir. Biz onlardan yalnız beş ən məşhurunu seçdik.

Qız qalası - əlçatmaz və gözəl

Qız qalası əsrlər boyu Bakının panoramında ən görkəmli tikili olub. Şəhərin ilk məlum təsvirlərindən biri 1683-cü ilə aiddir və bu təsvirin müəllifi alman səyyahı Kempferdir. Bu rəsmə hətta üç əsr sonra nəzər saldıqda keçən müddətdə baş verən böyük dəyişikliklərə baxmayaraq, Bakını tanımaq mümkündür. Bu, bənzərsiz Qız qalası sayəsində mümkün olur. O, həm keçmişdə, həm də indi sürətlə inkişaf edən və dəyişən paytaxtın mərkəzində əvəzolunmaz rəmz kimi ucalır.

Qız qalası İçərişəhərin cənub-qərb hissəsində yerləşib. Silindrik formalı bu abidənin hündürlüyü 28 metrdir. Qala divarlarının qalınlığı bünövrə hissədə 5 metrə, 8 mərtəbə hündürlüyündə isə 4 metrə çatır. Mütəxəssislərin fikrincə, Qız qalasının inşa olunma tarixini eramızdan əvvəl VIII-VII əsrlərə aid etmək olar.

Qız qalasından istifadə təyinatı barədə müxtəlif fərziyyələr var. Lakin onların hamısını bir ümumi cəhət birləşdirir: tarixin müxtəlif dövrlərində qaladan müxtəlif məqsədlərlə istifadə edilib. Qədim ibadət tikilisi kimi inşa olunmuş bu qala sonrakı əsrlərdə Şirvanşahlar dövlətinin müdafiə sisteminə daxil edilib, buna görə ondan rəsədxana, mayak kimi də istifadə oluna bilərdi.

Tikilinin “Qız qalası” adlandırılması, yəqin ki, onun İçərişəhərdə əsas istehkam rolunu oynadığı dövrdə binanın “müdafiə təyinatlı” keçmişi ilə bağlıdır. Axı tarixin bütün keşməkeşli hadisələrinə və çoxsaylı hücumlara baxmayaraq, qala heç vaxt düşmən tərəfindən tutulmayıb.

Qız qalası bu gün öz texniki təchizatına görə Avropada tayı-bərabəri olmayan ən müasir muzey kompleksinə çevrilib. Kompleksin 8 mərtəbəsində ümumilikdə 34 nümayiş paneli və monitoru quraşdırılıb, onlardan 22-si interaktivdir. Hətta burada unikal heliodispley var. Bu displeydə təsvir çox nazik su tozundan ibarət bulud üzərinə köçür və qeyri-adi holoqram effekti formalaşdırır.

Qalaya həm də ona görə qalxmağa dəyər ki, onun müşahidə meydançasından tamaşa edəndə bütün qədim Bakı və qocaman Xəzər sanki ovcunuzun içi kimi görünəcək!

Şirvanşahlar Sarayı Kompleksi – “Bakı Akropolu”

İçərişəhərin ən hündür yerində orta əsrlər Şirvanşahlar Sarayı Kompleksi - Şirvan hökmdarlarının son iqamətgahı yerləşir. 1191-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra dövlətin paytaxtı Bakıya köçürülüb və burada saray kompleksi ucaldılıb. Sarayın bünövrəsi XII əsrdə qoyulub, son tikinti işləri isə XV əsrdə başa çatıb.

Saray kompleksi müxtəlif səviyyələrdə yerləşən üç daxili həyəti əhatə edir. Sarayın özü və Şirvanşah Fərrux Yasarın divanxanası yuxarı həyətdə yerləşir. Aşağı həyətdə saray məscidi və Şirvanşahlar türbəsi yerləşir. Türbə Şirvanşah Xəlilullahın əmri ilə onun oğlu və anası üçün tikilib.

Daha aşağıda hamam və bağlı quyu – ovdan yerləşir. Hər üç həyət qala divarları ilə əhatə olunan vahid kompleksi təşkil edir.

Kompleksdə XVI əsrə aid yeganə abidə “Murad darvazası” hesab edilir. Oradakı yazı darvazanın hicri tarixi ilə 994-cü ildə (1585-1586-cı illər) III Sultan Muradın şərəfinə tikildiyindən xəbər verir.

Bununla yanaşı, Şirvanşahlar Sarayı Kompleksində “Bayıl daşları” qorunub saxlanılır. Üstündə oyma yazı və təsvirlər olan bu daş pilətələr Şirvanşahlar üçün müdafiə qalası rolunu oynayan Bayıl qəsrinin qalıqlarıdır. Bu daşlar qalanın ətrafında aparılmış arxeoloji qazıntılar zamanı qayada aşkar edilib. Abidələrin üstündə göstərilən tarixə əsasən onları XIII əsrə aid etmək olar.

Saray kompleksi bu gün də buraya gələn insanları öz harmoniyası və memarlıq mükəmməlliyi ilə heyrətləndirir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Şirvanşahlar Sarayı Kompleksini haqlı olaraq “Bakı Akropolu” adlandırırlar. “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi Memarlıq Qoruq-Muzeyi elan edilib. 2014-cü ildə burada yaradılmış yeni muzey ekspozisiyası orta əsrlər qalası mühitinə “daxil olmağa” və o dövrün sirli saray həyatı barədə maraqlı məlumatlar əldə etməyə imkan verir.

Məhəmməd məscidi və ya “Sınıqqala”

Məhəmməd məscidi – dünya əhəmiyyətli nadir abidə və İçərişəhərin islam dövründə ən qədim tarixə malik abidəsidir. Məscidin şimal fasadında giriş qapısının yanında ərəbcə yazılıb: “Rəhmli və mərhəmətli Allahın adı ilə. Hicri tarixi ilə 471-ci ildə (miladi 1078-1079-cu illər) ustad rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunub”. El arasında bu məscidə həmçinin “Sınıqqala” deyilir. Məscid özünün ikinci adını admiral Matyuşkinin idarə etdiyi 15 gəmidən ibarət Rusiya ordusunun hərbi eskadrasının dəniz tərəfdən şəhərə yaxınlaşaraq onun təslim olmasını tələb etdiyi 1723-cü il hadisələrindən sonra alıb. Ultimatuma rədd cavabı alan rus gəmiləri şəhəri atəşə tutdular. Top mərmisi Məhəmməd məscidinə düşüb və onu zədələyib. Elə həmin anda güclü külək qalxıb və rusların yelkənli gəmilərini dənizdə uzaqlara aparıb. Şəhər əhalisi bu hadisəni xarici müdaxiləçilərin Allahın qəzəbinə tuş gəlməsi kimi mənalandırıblar. O vaxtdan ta XIX əsrin ortalarına qədər məscid minarəsi qala müdafiəçilərinin dözümlülük və igidlik rəmzi kimi qorunub saxlanılaraq bərpa edilməyib.

2010-cu ildə məscidin binası və minarəsi Avstriyanın “Atelier Erich Pummer” şirkəti tərəfindən unikal texnikadan - vakuumlu daş möhkəmləndiricisindən istifadə edilməklə çox səliqə ilə bərpa olunub.

Buxara karvansarası – orta əsrlər mehmanxanası

Qız qalası yaxınlığında yerləşən karvansara XV əsrdə İçərişəhərin Şamaxı darvazasından keçən ticarət yolu üzərində ucaldılıb. Karvansarada əsasən Orta Asiyadan gələn tacirlər qalıblar.

Kvadrat formalı tikili qabarıq piştağı ilə tamamlanır. Perimetr boyu eyvan və hücrələrlə əhatə edilən səkkizguşəli həyət gündəlik alverdən sonra tacir və səyahətçilər üçün gözəl istirahət yeri olub. Daxili həyətin bütün perimetri boyu memarlıq kompozisiyasının əsas hissəsini təşkil edən çatma tağlar yerləşib. 1964-cü ildə aparılan bərpa işləri zamanı karvansara binası sonradan əlavə edilmiş tikililərdən təmizlənib və bu milli əhəmiyyətli abidənin nəhəng miqyaslı strukturunu üzə çıxarmağa imkan verib.

Hazırda burada fəaliyyət göstərən restoranda müştərilərə Azərbaycan milli yeməkləri təklif olunur.

Qasım bəy hamamı yaxud “Şirin hamam”

Hamam XIII əsrdə İçərişəhərin Salyan darvazası ətrafında tikilib. El arasında buraya “Şirin hamam” deyilib, çünki orada çayı şirniyyatla veriblər. Hamamın planı ənənəvi memarlıq metoduna əsaslanır. Yəni, hamam vestibül, soyunub-geyinmə otağı, yuyunma yeri, hovuz və ocaq yerindən ibarətdir. Sоyunub-geyinmə və yuyunma оtаqlаrı kameralı küncləri olan хаçşəkilli günbəzlə örtülüb. Su təchizatı, isitmə və qızdırmа sistеmi divаrlаrın içərisində və döşəmənin аltındа yеrləşən saxsı borular vasitəsilə həyata keçirilib. 1970-ci ildə hamamda aparılmış bərpa işlərindən sonra orada “Yaşıl aptek” fəaliyyət göstərməyə başlayıb.

Qasım bəy hamamı orta əsrlər abidələrinin ən maraqlı memarlıq nümunələrindən biridir və dövlət tərəfindən milli əhəmiyyətli abidə kimi qorunur.

Sözardı

Nadir tarixi abidələr və geniş spektrli turizm təklifləri sayəsində İçərişəhər Azərbaycan paytaxtının qonaqlarının mütləq görməli olduqları yerlərdən birinə çevrilib. Bu romantik yerdə olmaqla siz orta əsrlər dövrünə “səyahət edər”, o dövrün nəfəsini duyar, müsbət enerji toplayarsınız.

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.