CƏMİYYƏT
İctimai Səhiyyə və İslahatlar Mərkəzində Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd edilib
Bakı, 25 noyabr, AZƏRTAC
BMT-nin Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. O vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb.
AZƏRTAC xəbər verir ki, noyabrın 25-də Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) tədbir keçirilib.
İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV vasitəsilə ictimaiyyətin diqqətini bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması naminə əhaliyə düzgün məlumatlar verməkdir. O qeyd edib ki, qadın zorakılığı cəmiyyətdə və ya ailədə qadınlara fiziki, psixi, emosional, iqtisadi və cinsi təcavüzkarlığı nəzərdə tutur. Statistika qadınların 60 faizinin öz ailələri tərəfindən zorakılığa məruz qaldığını, onların sağlamlıqlarına xələl yetirildiyini göstərir.
Tədbirdə problemin aradan qaldırılması üçün qadınların mütləq şəkildə təhsilli olmasının vacibliyi vurğulanıb, ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlər, qanunvericilikdə nəzərdə tutulmuş cərimələr, erkən və məcburi nikahlar barədə ətraflı məlumat verilib.
Eyni zamanda, ailə və cəmiyyətdə qadınların rolundan danışılıb, qadın zorakılığı ilə mübarizədə maarifləndirmənin vacib əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu, qanunvericilikdə də öz əksini tapıb. Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir.
İSİM-in təlim-resurs şöbəsinin metodisti Cəmilə Kərimova isə Səhiyyə Nazirliyinin 2014-cü ildə Lənkəran, Beyləqan, Şəmkir və Füzuli rayonlarında apardığı sorğuların nəticələrindən danışıb. Bildirib ki, dünyada qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalır, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Sorğuların nəticələrinə görə, Azərbaycanda da qadınlar məruz qaldıqları zorakılıq haqqında heç kimin bilməsini istəmirlər.
Erkən nikahların yeniyetmə qızların orqanizminə mənfi təsir göstərdiyini vurğulayan C.Kərimova qeyd edib ki, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə ciddi işlər görülür. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində son illərdə erkən nikahların sayı azalıb.
Tədbirin sonunda qadın zorakılığı ilə bağlı İSİM tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.