QAN YADDAŞI
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin kollektivi 20 Yanvar faciəsi qurbanların əziz xatirəsini yad edib
Bakı, 19 yanvar, AZƏRTAC
Bu il xalqımızın həm faciəsi, həm də qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunan “Qara Yanvar” hadisəsindən 27 il ötür. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərinə qanunsuz yeridilmiş Sovet Ordusunun hissələri dinc əhaliyə divan tutmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür.
Azərbaycanda yaşayıb-yaşamamasından, yaşlı nəsil və ya gənc olmasından asılı olmayaraq hər bir azərbaycanlı kimi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri də 20 Yanvar faciəsini bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş qanlı cinayət kimi xatırlayır, hər il bu faciənin ildönümündə şəhidlərimizin müqəddəs ruhunu yad edirlər.
İSİM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzin əməkdaşları yanvarın 19-da 20 Yanvar qurbanlarının əziz xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoydular. İSİM-in rəhbər işçiləri, ictimai səhiyyə mütəxəssisləri, həkimlər bir araya toplaşaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini dərin hüznlə bir dəqiqəlik sükutla yad etdilər.