REGİONLAR


İctimai fəallığın artırılması məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında mühüm rol oynayır

A+ A

Quba, 4 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunda “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin reallaşdırdığı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır.

Tədbirdə qadın hüquqları və gender məsələləri üzrə ekspert qismində çıxış edən professor Rəna Mirzəzadə “Məişət zorakılığı və onun növləri, erkən nikahla mübarizə yolları” mövzusunda məruzə edib, zorakılıq və erkən nikahla bağlı fikirlərini bölüşüb. Çıxışda zorakılığın növləri, əsas səbəb və nəticələri haqqında məlumat verilib. Erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödənməməsi, ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması, cəzaçəkmə müəssisələrində məişət zorakılığı zəminində cinayətkar qadınların olması kimi məsələlərə toxunan ekspert insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Ailə, qadın və uşaq problemləri üzrə ekspert Vəsilə Möhsümova isə “Məişət zorakılığı və erkən nikahla mübarizə sahəsində qanunvericilik və dövlət qurumlarının fəaliyyəti” mövzunda çıxış edərək ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlərdən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icra vəziyyətindən, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.

Tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə məlumat verilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrə qatılan tədbir iştirakçıları məişət zorakılığının və erkən nikahların qarşısının alınması sahəsində bir sıra təkliflər irəli sürüblər. Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınması məqsədilə qaynar xətt xidmətinin yaradılması, qadın polislərin sayının artırılması, qadınların sahibkarlığa cəlb edilməsi, insanlar arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin çoxaldılması, medianın bu sahədə fəaliyyətinin daha da genişləndirilməsi kimi təkliflər maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.