CƏMİYYƏT
İctimai nəzarət mexanizminin formalaşdırılması məsələləri müzakirə edilib VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “İctimai nəzarət mexanizmlərinin tətbiq olunmasında QHT-lərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, 60-dək QHT nümayəndəsinin iştirak etdiyi tədbirdə ictimai nəzarətin formalaşdırılması məsələləri müzakirə olunub.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ictimai nəzarətin vacib olduğunu vurğulayıb və bu çağırış birbaşa QHT-lərə ünvanlanıb. A.Quliyev deyib: “İctimai nəzarət mexanizmlərindən danışdıqda qeyd etmək lazımdır ki, ilk növbədə nazirlik, komitə və yerli icra hakimiyyəti orqanlarının nəzdində ictimai şuraların yaradılmasına xüsusi diqqət yetirilməlidir. Bəzi dövlət qurumlarında ictimai şuralar olsa da, formal şəkildə mövcuddur, ona görə də bu məsələlərə diqqət artırılmalıdır. Ölkədə ictimai-siyasi sabitliyin qorunmasında, süni bahalaşmaya qarşı mübarizədə QHT-lər də fəal iştirak etməlidirlər”.
Müzakirələrdə çıxış edən QHT nümayəndələri mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai şuraların, o cümlədən işçi qrupların yaradılması ilə bağlı təkliflər səsləndiriblər. Bildiriblər ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq az sayda qurumlarda ictimai şuralar yaradılıb. Belə şuralar mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da təsis edilməli və səmərəli fəaliyyət göstərməlidir. Bundan başqa, ictimai nəzarətin təşkili üçün Mətbuat Şurası və QHT-lərin daxil olduğu vətəndaş cəmiyyəti alyansı təsis edilməsinin, Şuranın saytında mobil telefonlarla mənfi hallarla bağlı məlumatların qəbulu sisteminin yaradılmasının önəmi diqqətə çatdırılıb.
Yaradılacaq ictimai nəzarət mexanizminin şəffaf olmasının vacibliyini vurğulayan Azay Quliyev müzakirələr zamanı səsləndirilən təkliflərin ümumiləşdiriləcəyini bildirib.