İQTİSADİYYAT
“İctimai şuralar və ictimai nəzarətin təşviqi” adlı layihə icra edilir
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai şuralar və ictimai nəzarətin təşviqi” adlı layihə icra edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Vergilər Nazirliyində “İctimai iştirakçılığın təmin olunması, ictimai şuraların yaradılması, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi” adlı “dəyirmi masa” keçirilib.
Dövlət, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa”da Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai şuralar və ictimai nəzarətin təşviqi” layihəsi çərçivəsində il ərzində tədbirlər, ictimai müzakirələr keçirəcək. O, ilk olaraq Vergilər Nazirliyinə məktubla müraciət etdiklərini bildirib. MQF-nin prezidenti xatırladıb ki, “İctimai iştirakçılıq” haqqında Qanuna müvafiq olaraq Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərində və digər nazirliklərdə ictimai şuralar yaranıb. Ancaq bir neçə nazirlikdə o cümlədən mərkəzi icra hakimiyyətləri ilə yanaşı, yerli icra hakimiyyətlərində, o cümlədən Gəncə Şəhər və Binəqədi Rayon İcra hakimiyyətlərində təşəbbüslər həyata keçirilib.
Məqsəd “İctimai iştirakçılıq” haqqında Qanunu və ictimai şuraları təşviq etməkdir ki, qalan təşkilatlar da ilin sonuna qədər bu şuraları yaratsınlar. Layihənin məqsədi vətəndaşların hüquq və azadlıqlarının təmin olunması nöqteyi-nəzərindən, eyni zamanda, vətəndaşların dövlət və hökumət qərarlarının qəbul olunmasında iştiraklarının təmin olunması istiqamətində maarifləndirici işlərin aparılmasıdır.
Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev layihə barədə ətraflı məlumat verib və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.
Sonda “İctimai şuralar və ictimai nəzarətin təşviqi” layihəsinin təqdimatı keçirilib.