SİYASƏT


İctimai və dövlət maraqlarının müdafiəsi
Nəzəri yanaşma və Azərbaycan modeli

Bakı, 8 dekabr, AZƏRTAC

İctimai maraqlar hərfi mənada cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai marağı qəlibə salan və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər və QHT-lər hüquqi vasitələr hesabına ictimai marağın müdafiəsini həyata keçirirlər: ictimai siyasətin təkmilləşdirilməsi və ictimai marağın müxtəlif aspektlərinə dair hüquqi bazanın müzakirəsi; monitorinq və islahat mexanizmlərinin təşviqi.

İqtisadçı Lok Sanq Ho müəllifi olduğu “İctimai siyasət və ictimai maraq” kitabında ictimai marağın qərərsiz qiymətləndirilməsinin vacibliyini vurğulayıb və bu anlayışın “keçmişin əleyhinə” (eks-ante) kateqoriyasına daxil olduğunu bildirib. İctimai maraq bir çox yanaşmalarda hökumətin demokratik nəzəriyyəsinin əsası kimi göstərilir və hər zaman münasiblik və zərurət konseptləri ilə paralel götürülür. İctimai maraq kəsb edən hər hansı qərarı qəbul etmək üçün açar elementlər şəffaflıq və maraqların balanslaşdırılmasıdır.

Sözügedən anlayışın hüquqi bazasının formalaşdırılması bir çox ölkələrdə xüsusi qanunlarla tənzimlənir və bu istiqamətdə ən geniş yayılan təşəbbüslər ABŞ-da irəli sürülüb. Belə ki, 1960-cı illərin sosial gərginliklər ərəfəsində və sonrakı dövrdə bu ölkədə xüsusilə hüquqşünaslar daha geniş kütlələrin maraqlarını müdafiə edə bilmək üçün sərbəstlik istəyirdilər. Bu ənənənin əsasını amerikalı hüquqşünas Lusi Dembits Brandeys qoyub. Həmin dövrdən başlayaraq Amerika hüquq məktəbinin məzunları öz fəaliyyətlərində təkcə məhdud yüksək təbəqənin müdafiəsini deyil, sosial məsələlərə daha geniş yer vermək maraqlarını da nümayiş etdirirdilər.

Hazırda ictimai maraq qanunu ilə bağlı ən geniş yayılmış izah “İctimai maraq Qanunu” İnstitutunun (PİL Global Network) icraçı direktoru Edvin Rekoşa məxsusdur. Onun 1997-ci ildə Durbanda keçirilmiş simpoziumda söylədiyi fikir geniş müzakirə mövzusu oldu: “İctimai maraq qanunu heç də başa düşüldüyü kimi hüquqi tənzimlənməni əks etdirmir. Bu anlayış daha çox hüquqi yardıma ehtiyacı olanları müdafiə edənlərin fəaliyyəti ilə bağlıdır. Zaman keçdikcə, bu termin müxtəlif sosial məqsədlərə çatmaq istəyən şəxslərin təşəbbüslərində ehtiva olundu. Bu sıraya sivil hüquq və azadlıqların müdafiəsi, qadın hüquqları, istehlakçıların hüquqları, ətraf mühit və digər sahələr aiddir. İstənilən halda, ictimai marağı müdafiə edənlərin əsas hədəfi “aşağı təbəqələr üçün mübarizə aparmaqdır””.

Bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib. Hazırda bu anlayış dünyanın əksər bölgələrində müxtəlif sahələrdə kampaniyaların keçirilməsi, ictimai maraqdan irəli gələn hədəflərə nail olmaq üçün yurisdiksiya mexanizmlərinin istifadəsi, ödənişsiz hüquqi yardım, hüquq sahəsində təhsilin təkmilləşdirilməsi kimi məqamları gündəmə gətirir. Missiya eynidir: qanunu bir alət kimi istifadə etməklə, ictimai marağı təmsilən sosial problemləri həll etmək. Bütün bunlar da insan haqları, demokratiya, açıq cəmiyyət və qanunun aliliyi kimi prinsiplərə əsaslanır.

Əslində ictimai və dövlət maraqlarının ilkin formada hələ keçmiş dövrlərdən mövcud olması məlumdur. Lakin qədim dövlətlərdə insanların hüquqları nəzərə alınmırdı və onlar ölkənin mövcud maddi-mənəvi sərvətlərindən yararlana bilmirdilər. Bu səbəbdən də dövlət və ictimai maraq anlayışları bir-birini tamamlamırdı. Bu prosesin ilkin elementləri kapitalizm münasibətlərinin yarandığı XIV-XV əsrlərdən nəzərə çarpıb və insanın fərdi azadlıqlarının, hüquqlarının təminatçısı rolunda dövlət çıxış etməyə başlayıb: cəmiyyəti təşkil edən insan, vətəndaş, fərd dövlətin və dövlət marağının mərkəzi nöqtəsinə çevrilib. Belə bir yanaşma var ki, dövlətlərin mövcud olma məqsədi cəmiyyətə (dolayısı ilə vətəndaşlara) xidmət, cəmiyyət üzvlərinə firavan həyat təmin etməkdir. Bu zaman ictimai marağın dövlətin qəti və son məqsədini təşkil etdiyini deyə bilərik. Hər bir dövlət marağında ictimai marağın elementləri ehtiva olunur. Belə olan halda, dövlət marağı, ictimai və milli maraq anlayışlarını bir arada təhlil etmək məqsədəuyğun olar. Hər bir dövlət, onu formalaşdıran xalq üçün milli maraqların müəyyənləşdirilməsi və təmin olunması əsas vəzifələrdən biri kimi çıxış edir.

Bütün bəşəri dəyərləri böyük məsuliyyət və ciddi yanaşma ilə qoruyan, təbliğ edən Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir cəmiyyətdir. Fikrimcə, həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqlar təmin edildiyi, ortaq maraqlar müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda ideal cəmiyyətin formalaşması mümkün olur. Dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar. Azərbaycan Prezidenti İlham Əliyevin dönə-dönə vurğuladığı “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər.

Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşməkdədir. Ümummilli Liderin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynadı. Bu zəmin əsasında inkişaf etməkdə olan müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir. Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir. Müstəqil, demokratik, hüquqi, milli dövlətlərdə düzgün siyasət yeridildikdə milli və dövlət maraqlarının üst-üstə düşməsi, bu halda şəxsi maraq və ictimai maraq arasında qarşılıqlı tamamlanma üçün şərait yaranması nəzərə çarpır. Məhz bu baxımdan Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri kimi dövlətlərlə bütün sahələrdə münasibətdə öz milli maraqlarından çıxış etməsi olduğunu deyə bilərik.

Xüsusi vurğulamaq lazımdır ki, maraq məfhumu ölkənin tarixindən, mədəniyyətindən, ənənələrindən, dəyərlərindən, siyasi və intellektual elitanın cəmiyyətindən ayrılmazdır. O özündə ölkənin coğrafi vəziyyətini, sərvətlərlə təminatını, əhalinin milli, irqi strukturunu, daxili dövlət quruluşunu da ehtiva edir.

Azərbaycanda ictimai maraq anlayışının müxtəlif aspektlərinin hüquqi bazasının formalaşması və təbliği istiqamətində bir sıra işlər görülüb. “İctimai bilgilərə çatım haqqında” (2005-ci il,1 yanvar), “İnformasiya əldə etmək haqqında” (2005-ci il, 30 sentyabr), “İctimai iştirakçılıq haqqında” (2014-cü il, 1 iyun) qanunlar və bu kimi digər sənədlərin qəbulu, müvafiq anlayışın mahiyyətinin geniş kütlələrə çatdırılması üçün maarifləndirici tədbirlərin keçirilməsi, beynəlxalq təcrübə və milli elementləri birləşdirməklə bu sahədə yeni bir modelin formalaşdırılması, ictimai marağı təmsil edən QHT və bənzər qurumların sayının artması və digər məqamları bu istiqamətdə önəmli addım kimi qeyd etmək olar.

Müasir dövrdə kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin və İKT-nin dövlət-cəmiyyət əlaqələrinə güclü təsirini nəzərə alan zaman, ictimai və dövlət maraqlarının müdafiəsi məsələsinin məhz müvafiq kontekstdən təhlili maraq doğurur. Belə ki, dövlət qurumları, müxtəlif nazirliklər və yerli təşkilatlarla yanaşı, vətəndaşlar da informasiya məkanının nəhəng şəbəkəyə çevrildiyi bir zamanda dövlət maraqlarını müdafiə etməli və uca tutmalıdırlar. Sərhədsiz mövqelərin və iddiaların arasında Azərbaycan həqiqətlərini tutarlı şəkildə təbliğ etmək dövlətlə bərabər cəmiyyətin hər bir üzvünün də məsuliyyəti deməkdir. Çünki əgər söhbət maraqların qarşılıqlı müdafiəsindən gedirsə, bu zaman ictimai marağı ön planda tutan, onu təmin edən və möhkəmləndirən dövlətin də marağını cəmiyyət üzvləri qorumalıdırlar. Bu istiqamətdə xüsusilə Azərbaycan mətbuatının üzərinə böyük yük düşür. Cəmiyyəti arxasınca aparmağı bacaran milli mətbuatımız dövlətin maraqlarına xidmət edərək ölkəmizlə bağlı təhrif olunmuş informasiyalara real faktlarla cavab verir. Bu da dövlət marağının müdafiəsinin bir növüdür. Mətbuat həm xalqın dili olub ictimai maraqdan irəli gələn məqamları dövlətə çatdıran, həm də dövlətin aynası olub informasiya müharibəsində onu qoruyan bir qüvvədir.

Maqsud Dadaşov

AZƏRTAC-ın müxbiri

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.