ELM VƏ TƏHSİL


İctimaiyyət nümayəndələri Memarlıq və İnşaat Universitetində imtahanların gedişini izləyiblər

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2016-2017-ci tədris ilinin yaz semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mediaturda universitetin rəhbərliyi, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri, təhsil ekspertləri və KİV mənsubları iştirak ediblər. Tədbirdən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Mediaturun təşkilinin təhsilin keyfiyyətinin artırılması və neqativ hallarının aradan qaldırılması ilə bağlı olduğunu deyən rektor bildirib ki, eyni zamanda, əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaqdır. Sonra rektor qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib.

O, imtahanların şəffaf, normativ sənədlərə uyğun həm test üsulu ilə, həm də yazılı formada keçirildiyini diqqətə çatdırıb. G.Məmmədova bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir. Rektor qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: “Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir”.

Sonra iştirakçılar imtahanların gedişini canlı izləmək üçün universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. Eyni zamanda, onlar memarlıq fakültəsində tələbələrin kurs işlərinin müdafiəsi prosesini də izləyiblər, gənc memarların əl işlərindən ibarət sərgiyə də baxıblar.

Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.