ELM VƏ TƏHSİL
İctimaiyyətin düzgün istehlak mədəniyyəti, israfçılığın azaldılması əsas meyardır
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin fəaliyyətindən, iştirak etdiyi layihələrdən söz açıb. Qeyri-neft sektorunun inkişafı, ekosistemin yaradılması və digər mütərəqqi ideyaların inkişaf etdirildiyini xatırladan rektor mövcud potensialı diqqətə çatdırıb.
“Təmiz Şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimov qurulan əlaqələrini universitetin inkişafına dəstək göstərəcəyini vurğulayıb. O, qurumun fəaliyyəti ərzində görülən işlərdən və gələcək planlardan danışıb.
“Təmiz Şəhər” ASC-nin nümayəndələri təqdimatla çıxış edərək tullantıların idarə edilməsi sahəsində görülən işlər barədə geniş məlumat veriblər. İctimaiyyətin düzgün istehlak mədəniyyəti, israfçılığın azaldılması, əldə edilmiş tullantıların düzgün istifadəsi və tullantı miqdarının azaldılması, düzgün və davamlı idarə edilməsi əsas meyar kimi qeyd olunub.