REGİONLAR
“İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə növbəti mühazirələr Qusarda dinlənilib
Qusar, 12 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 12-də Qusarda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə mühazirələr dinlənilib.
AZƏRTAC xəbər verir ki, mühazirələr Qusardakı Heydər Əliyev Mərkəzində və rayonun Hil kəndində ətraf 9 yaşayış məntəqəsinin 400-ə yaxın sakinin iştirakı ilə keçirilib.
Mühazirələrdə Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu və AMEA-nın Fəlsəfə İnstitutu direktorunun müavini Eynulla Mədətli “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”, “İlham Əliyevin siyasi fəaliyyətində dil, mədəniyyət və tarix məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.
Dinləyicilərə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verilib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamlarından, aparılan abadlıq-quruculuq işlərindən danışılıb. Tarixi məqamlara da toxunan məruzəçilər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda stabillik yaranıb, xalqın dövlətə inamı möhkəmlənib, vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsinə yol açılıb və bu yolun uğurla davam etdirilməsi ölkəmizin dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə səbəb olub.
Eynulla Mədətli son illərdə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən bəhs edib. Mühazirəçi bildirib ki, respublikamız özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlara imza atıb.
Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və regionların inkişafına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkəmizdə keçirilən beynəlxalq konfrans və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı söz açıb.
İnteraktiv formada keçən mühazirələrdə sakinlər çıxış edərək onları maraqlandıran məsələlərə toxunub, dövlətimizin başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.