REGİONLAR
“İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə növbəti mühazirələr Xaçmazda dinlənilib VİDEO
Xaçmaz, 9 iyun, Elxan Yusifli, AZƏRTAC
“İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə növbəti mühazirələr iyunun 9-da Xaçmazdakı Heydər Əliyev Mərkəzində və Tarix-Diyarşünaslıq Muzeyində dinlənilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi mühazirələrdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında məruzələrlə çıxışlar ediblər.
Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu ölkə ərazisində keçirilən silsilə mühazirələrin əhəmiyyətindən və gələcəkdə də bu istiqamətdə tədbirlərin təşkili planlarından danışıb. Bununla yanaşı, regionların inkişafına yönəldilən tədbirlərdən, ölkəmizdə keçirilən beynəlxalq konfrans və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə tanınması və təbliği ilə bağlı görülən işlərdən də ətraflı bəhs edilib.
Mühazirələrdə bildirilib ki, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda sabitlik yaranıb, xalqın dövlətə inamı möhkəmlənib, vətəndaşın hüquq və azadlıqlarının təmin olunmasına yol açılıb və bu yolun uğurla davam etdirilməsi Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə şərait yaradıb.
Mühazirəçilər son illərdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən bəhs ediblər.
İnteraktiv formada keçən mühazirələrdə sakinlər çıxış edərək onları maraqlandıran məsələlərə toxunub, dövlətimizin başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.