REGİONLAR
“İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Xaçmaz, 30 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 30-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin biznes inkubatorun iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubatorun iştirakçıları, eləcə də Xaçmaz şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak ediblər.
Mərasimdə bildirilib ki, müsabiqənin başlıca məqsədi biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənc sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, daha perspektivli və innovativ biznes ideyaların müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.
Bildirilib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi başlıca vəzifələrdən biri kimi müəyyən edilib. Hazırda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, biznes layihələrin, startapların dəstəklənməsi, yeni innovativ ideyaların reallaşdırılması üçün aidiyyəti üzrə tədbirlər həyata keçirilir, gənclərə konsaltinq və informasiya xidmətləri göstərilir. 2014-cü ildə 1249 gənc sahibkara 49,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2 min 400-dən çox yeni iş yeri yaradılıb. Bundan başqa, hər il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir qrup gənc sahibkar və menecer Almaniyaya ixtisasartırma kurslarına göndərilir. Təkcə 2014-cü ildə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 47 gənc sahibkar və menecer Almaniyada təcrübə keçib.
Qeyd edilib ki, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviq olunması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildən “Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi” həyata keçirilir. 2014-cü ildə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlayıb. Artıq biznes inkubatorun fəaliyyətinin birinci mərhələsi başa çatıb. Biznes inkubatorun ilk iştirakçısı olmuş 20 gənc sahibkara müvafiq biliklər verilib. Ötən il, həmçinin biznes inkubator iştirakçıları arasında “İdeyadan biznesə doğru” müsabiqəsi elan edilib. Müsabiqəyə kənd təsərrüfatı, turizm, kommersiya və s. sahələr üzrə 16 biznes ideya təqdim olunub.
Tədbirdə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılan biznes inkubatorun iştirakçıları arasında müsabiqənin qalibləri elan olunub, onlara mükafat və hədiyyələr təqdim edilib. Bundan başqa, biznes inkubatorun 12 iştirakçısı təlimlərdə fəal iştiraka görə sertifikatlara layiq görülüb.
Müsabiqənin qalibləri çıxış edərək yaradılmış şəraitə görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər.