İDMAN


İdman Araşdırmaları Mərkəzi ilin ən yaxşılarını mükafatlandırıb

Bakı, 20 dekabr, Elşad Qəzvini, AZƏRTAC

Dekabrın 20-də İdman Araşdırmaları Mərkəzinin (İAM) “İlin qalibləri-2016” layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə idman ictimaiyyətinin 2016-cı ildə dünyasını dəyişmiş nümayəndələrinin və aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İAM-ın sədri Elşən Məmmədov bildirib ki, mərkəzin keçirdiyi tədbirlər arasında ardıcıl dörd ildir təşkil olunan “İlin qalibləri” layihəsi xüsusi yer tutur. İlk dəfə 2013-cü ildə cəmi 34 media nümayəndəsinin qatıldığı sorğuya növbəti il 41, ötən il isə 48 KİV qatılmışdı. Bu il artıq 57 media orqanı arasında səsvermə keçirilib. Digər tərəfdən, yenə 8 nominasiya üzrə 11 qalib səsvermə yolu ilə seçilib. Ötən illə müqayisədə İAM-ın xüsusi mükafatlarının sayı 3-dən 7-yə çatdırılıb.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

Daha sonra İAM-ın 7 xüsusi mükafatı sahiblərinə təqdim edilib.

“İlin qalibləri-2016” layihəsinə dəstəyinə görə “İtaldizain Group”, “İlin fəal operatoru” nominasiyasında “CBC Sport”un əməkdaşı Anar İbrahimov, “İlin fəal meneceri” nominasiyasında Vaqif Heydərli, “İlin uğurlu KİV layihəsi” nominasiyasında AFFA yanında Media Komitəsi, media ilə sıx və səmərəli əməkdaşlığa görə Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Mehdiyeva, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova təltif ediliblər.

AFFA yanında Media Komitəsinin idarə heyətinin üzvü İlqar Tağıyev və Səmayə Məmmədova çıxış edərək mükafatlara görə minnətdarlıqlarını bildiriblər.

Daha sonra 11 nominasiya üzrə qaliblərin adları açıqlanıb və onlara mükafatlar təqdim edilib.

Azərbaycan Taekvando və Azərbaycan Boks federasiyalarının prezidenti Kəmaləddin Heydərov “İlin idman xadimi” nominasiyasının qalibi elan edilib.

“İlin yerli idmançısı” adına taekvando üzrə Olimpiya çempionu Radik İsayev layiq görülüb.

“İlin əcnəbi idmançısı” nominasiyasında “Qarabağ” klubunun albaniyalı müdafiəçisi Ansi Aqolli qalib gəlib.

“İlin futbolçusu” adına “Qarabağ” klubunun və futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov sahib olub.

“İlin komandası” nominasiyasında Azərbaycan milli komandası qalib gəlib. Digər növlər üzrə isə kişi taekvandoçulardan ibarət yığma komandamız qalib elan edilib.

“İlin futbol baş məşqçisi” adına “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov layiq görülüb. Digər növlər üzrə mükafat taekvando üzrə yığma komandanın baş məşqçisi Reza Mehmandousta təqdim edilib.

“İlin mətbuat katibi” nominasiyasının futbol növü üzrə qalibi Peşəkar Futbol Liqasının mətbuat katibi Aslan Şahgəldiyev, digər növlər üzrə isə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev olub.

“İlin idman jurnalisti” nominasiyası üzrə mükafat “Futbol+” qəzetinin əməkdaşı Sərxan Musalıya təqdim olunub.

Qaliblər səsvermədə iştirak edən jurnalistlərə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.