İDMAN
İdman dırmanması üzrə açıq Respublika çempionatının qalibləri müəyyənləşib
AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə kişi və qadın atletlərin boulderinq üzrə təsnifat yarışları keçirilib. Növbəti gün isə boulderinq üzrə final, sürət üzrə təsnifat, yarımfinal və final mərhələləri ilə yaddaqalan olub.
Ümumilikdə 140-a yaxın idmançının iştirak etdiyi açıq Respublika çempionatının final mərhələsində idmançılar qarşılarına qoyduğu məqsədə nail olmaq üçün gərgin mübarizə aparıblar. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışların sonunda qaliblər müəyyən olunub.
Çempionatda ilk 3 yerləri tutanlara Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən isə kubok, medal, təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.
İdman dırmanması üzrə açıq Respublika çempionatında kişi atletlərin sürət üzrə final mərhələsinin nəticələrinə görə Babək İbadov (“Ekosport” idman klubu), qadın atletlərin mübarizəsində isə Aysel Sultanova (“Gömrükçü” idman klubu), kişi atletlərin boulderinq üzrə final mərhələsinin nəticələrinə görə Vahid Bayramlı (“Qərb Universiteti” İdman Klubu), qadın atletlərin bu növ üzrə yarışmasında isə Könül Hüseynova (“Kyanit” idman klubu) fəxri kürsünün yüksək pillələrinə qalxıblar.