İDMAN
İdman dırmanması üzrə növbəti açıq respublika çempionatı başlayıb
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, gələcəkdə bu idman növünün Azərbaycan gəncləri arasında daha da populyar olacağına inandığını vurğulayıb və yarışın yüksək səviyyədə təşkilində əməyi olan hər bir kəsə dərin təşəkkürünü bildirib.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Firdovsi Əliyev Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib və idmançılara uğurlar arzulayıb.
Açılış mərasimindən sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçirilən çempionatda 140-a yaxın idmançı iştirak edir. Üç mərhələdə (təsnifat, yarımfinal, final) keçirilən yarışda idmançılar boulderinq və sürət növləri üzrə qüvvələrini sınayırlar.
Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hər il mütəmadi olaraq keçirilən çempionat idmançıların daha çox təcrübə toplamasına, yarış texnikalarının təkmilləşməsinə səbəb olmaqla yanaşı, digər gənclərdə də bu yarış növünə böyük maraq yaradır.
Çempionat Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilir.