ELM VƏ TƏHSİL
İdman məktəblərinin əməkdaşları arasında keçirilən paintball üzrə dostluq turniri başa çatıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən idman məktəblərinin əməkdaşları arasında keçirilən paintball üzrə dostluq turniri başa çatıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi “Paintball-2015” turnirinin keçirilməsinin məqsədi idman məktəblərinin kollektivləri arasında dostluq əlaqələrinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliğidir.
Turnirdə 24 idman məktəbinin komandası iştirak edib. Üç mərhələdə keçirilən yarışda birinci yeri 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, ikinci yeri 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis Məktəbi, üçüncü yeri isə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi tutub.
Qalib komandalara qiymətli hədiyyələr təqdim olunub.