REGİONLAR
İdman-turizm yarışı: “Atam, anam və mən turist ailəsiyik” VİDEO
Xaçmaz, 10 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 10-dan etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən turist ailəsiyik” idman-turizm yarışı keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışda idman cəmiyyətlərini, eləcə də respublikanın müxtəlif rayonlarını təmsil edən, ümumilikdə, 50-yə yaxın ailə komandası mübarizə aparır. Tədbir 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Çempionatın açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov turnirin əhəmiyyətindən danışaraq, yarış iştirakçılarına uğurlar arzulayıb. Sağlam həyat tərzinin ölkəmizdə təbliği istiqamətində mühüm addımların atıldığını diqqətə çatdıran A.Məmmədov belə tədbirlərin bundan sonra da keçiriləcəyini vurğulayıb. Əsası hələ sovet illərində qoyulan yarışma artıq 54-cü dəfədir təşkil olunur.
Açılış mərasimindən sonra yarışlara start verilib. İştirakçılar qalib adını qazanmaq üçün çadırın quraşdırılması, meşə zolağındakı maneələrin dəf edilməsi və çay üzərindən iplə keçmə mərhələlərində mübarizə aparırlar.
Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, ailənin ən kiçik üzvlərinin də çevikliyi vacibdir.
Yarışa iyunun 11-də yekun vurulacaq.
Qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunacaq.