İDMAN
İdmançımız Fəridə Əzizova Olimpiya Oyunlarını beşinci pillədə başa vurub [YENİLƏNİB]
Taekvondoçumuz Fəridə Əzizova bürünc medal uğrunda döyüşdə rəqibi Afrika çempionatının qalibi kot-divuarlı Gbagbi Kristelle Rus Marieyə 1:7 hesabı ilə məğlub olub. İdmançımız XXXI Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurub.
02:10
Fəridə Əzizovanın bürünc medal uğrunda döyüşündə rəqibləri məlum olub. Taekvondoçumuz Pan-Amerikan oyunlarının ikincisi Nekol Aniya Louissaint (Haiti)-Afrika çempionatının qalibi Gbagbi Kristelle Rus Marie (Kot-Divuar) cütünün qalibi ilə qarşılaşacaq.
00:47
Fəridə Əzizova yarımfinalda 2015-ci ilin dünya çempionu Koreya Respublikasının təmsilçisi Hyeri Oha 5:6 hesabı ilə uduzub. Taekvondoçumuzun bürünc medal uğrunda son döyüşü Bakı vaxtı ilə saat 04:30-da başlayacaq.
Bakı, 19 avqust, AZƏRTAC
23:12
Fəridə Əzizova dörddəbir finalda Asiya çempionatının mükafatçısı özbəkistanlı Niqora Tursunqulova ilə döyüşdə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinal qarşılaşması saat 00:30-da keçiriləcək.
19:25
İdmançımızın dörddəbir finaldakı rəqibi məlum olub. Fəridə Əzizova növbəti mərhələdə özbəkistanlı Niqora Tursunqulova ilə görüşəcək. Bu döyüş saat 23:00-da keçiriləcək.
18:42
Avqustun 19-da XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında digər təmsilçimiz - birinci Avropa Oyunlarının gümüş, dünya çempionatlarının bürünc medalçısı və beynəlxalq turnirlərin qalibi Fəridə Əzizova dayanq üzərinə çıxıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 67 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində yarışan taekvondoçumuz Fəridə Əzizova səkkizdəbir final mərhələsində ABŞ idmançısı Payqe Makferson ilə döyüşüb. “London-2012”nin və dünya çempionatının gümüş medalçısı ilə görüşdə rəqibinə 6:5 hesabı ilə qalib gələn təmsilçimiz dörddəbir final mərhələsinə adlayıb.
İdmançımız növbəti mərhələdə Niqora Tursunqulova (Özbəkistan) - Elin Yohansson (İsveç) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Olimpiya Oyunlarında ölkəmizi ikinci dəfə təmsil edən Fəridə Əzizova “Rio-2016”ya lisenziyanı bu il Türkiyədə təşkil edilmiş Avropa Olimpiya təsnifat turnirində əldə etmişdi.