İQTİSADİYYAT
Malların ixrac və idxalından əldə olunan vəsaitlərin qeydiyyatına nəzarət gücləndirilir
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət" mövzusunda seminar keçirilib. Tədbirdə ölkədə fəaliyyət göstərən 30-dan artıq yerli və xarici bankın nümayəndələri, eləcə də Dövlət Gömrük Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisləri iştirak edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev diqqətə çatdırıb ki, "Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Elə bu fərmanla, ixrac olunan malların müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə nəzarət müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Gömrük Komitəsinə tapşırılıb.
İqbal Babayev qeyd edib ki, qarşıya qoyulan tapşırığın həyata keçirilməsini təmin etmək üçün Dövlət Gömrük Komitəsi "Gömrük Bəyannamələri haqqında məlumatın verilməsi" elektron gömrük xidmətini hazırlayaraq respublikada fəaliyyət göstərən bankların istismarına verib. Bu xidmət vasitəsilə müvəkkil banklar bəyannaməsinin VÖİN-ini və gömrük bəyannaməsinin qeydiyyat nömrəsini daxil etməklə gömrük bəyannaməsini elektron formada əldə edir və həmin bəyannamələr üzrə aparılan maliyyə əməliyyatları haqqında məlumatları müvafiq xanalara daxil edirlər. Banklar tərəfindən daxil edilən həmin məlumatlar əsasında hesabat hazırlanır və Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülür. Eyni zamanda, hesabatda konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində daxil olan valyuta vəsaiti haqqında məlumat əks olunur.
Konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində valyuta vəsaitinin Azərbaycan Respublikasına vaxtında köçürülməsinə nəzarət gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə həyata keçirilir. Valyuta vəsaitinin vaxtında köçürülməsini təmin etməyən şirkətlərin bəyannamələr üzrə məlumatları hazırlanır və bu məlumatlar da Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülür.
İqbal Babayev bildirib ki, həyata keçirilən layihənin məqsədi yalnız ixrac olunan malların müqabilində valyuta vəsaitinin Azərbaycan Respublikasına vaxtında köçürülməsinə nəzarətdən ibarət deyil. Daha bir məqsəd banklar, həm də hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal olunan malların müqabilində xarici ölkələrə köçürülən valyuta vəsaitinin qeydiyyatını aparmağa imkan yaratmaq və ona nəzarəti gücləndirməkdir.
Tətbiq olunan layihə ölkədən qanunsuz yolla pul vəsaitinin çıxarılmasına ciddi nəzarət etməyə və bu halların qarşısını vaxtında almağa imkan yaradacaq. Bu mexanizm əsasən elektron gömrük bəyannaməsi sistemi əsasında qurulub ki, nəticədə banklar yalnız ödəniş nəzərdə tutulan elektron gömrük bəyannamələri üzərində əməliyyat apara biləcək və həmin bəyannamələrə baxış imkanı veriləcək. Eyni zamanda, banklara təqdim olunan gömrük bəyannamələrinə əsasən malın dəyərinin hamısı və ya bir hissəsinin əvvəlcədən, yəni avans şəklində ödənildiyi haqqında da məlumatlar veriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının üzvü İlqar Muradov çıxış edərək "Konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət sistemi"nin tətbiq edilməsinin önəminə toxunub və bu layihənin uğurla həyata keçirilməsi üçün Palatanın da öz səylərini əsirgəməyəcəyini bildirib.
Direktorlar Şurasının üzvü qeyd edib ki, bank əməkdaşları ilə görüşdə məqsəd sistemin tətbiqi ilə əlaqədar onların üzləşə biləcəyi bəzi problemləri yerindəcə araşdırmaq, məsələlərin birgə həllinə çalışmaqdır. Bu prosesdə bank sektorunun təklif və rəylərinin öyrənilməsinin də zəruri olduğunu söyləyən İlqar Muradov tədbir iştirakçılarını açıq müzakirələrə və aktiv olmağa dəvət edib.
Sonra "Konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət sistemi"nin təqdimatı keçirilib.
Dövlət Gömrük Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisləri təqdim olunan sistemlə bağlı tədbir iştirakçılarını təlimatlandırıb, sistemin tətbiqi ilə əlaqədar meydana çıxan bəzi məsələlərə aydınlıq gətiriblər.