CƏMİYYƏT
İdxal zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması üzrə təlim keçirilir
Bakı, 14 iyun, AZƏRTAC
Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İdxal zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması” üzrə təlim seminarı işə başlayıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Dövlət Gömrük Komitəsinin fitosanitar müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi müfəttişlərin idxal zamanı ölkə ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətdə olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq bacarıqlarının artırılmasıdır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Xidmətin fəaliyyətinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi olaraq əldə edilmiş uğurları diqqətə çatdırıb.
Dövlət Xidmətinin rəisi hazırda bitki mənşəli məhsulların beynəlxalq ticarətinin genişləndirilməsi və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyac olduğunu, ölkəyə yeni zərərli orqanizmlərin daxil olmasının böyük risk doğurduğunu vurğulayıb. Camal Quliyev bu baxımdan ölkə ərazisinin zərərli orqanizmlərdən mühafizəsinin gücləndirilməsi, karantin tətbiq edilən zərərli orqanizmlərin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində zərurətin olduğunu qeyd edib və FAO-nun dəstəyi ilə həyata keçiriləcək bu layihənin də məhz bu məqsədə xidmət edəcəyini bildirib.
Dövlət sərhədinin buraxılış məntəqələrində risk və təhlükələrin çoxaldığını deyən Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi Rauf Məmmədov ölkədə, ilk növbədə, ərzaq və kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə danışıb.
FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib.
Sonra seminar gündəliyə uyğun işini davam etdirib.
Qeyd edək ki, təlim seminarı iyunun 17-də başa çatacaq.