ELM VƏ TƏHSİL


“İki çocuğun Avropa səyahəti” əsəri Almaniyada nəşr olunub

Bakı, 3 iyul, AZƏRTAC

Almaniyanın “Borsdorf Winterwork” nəşriyyatında Məmməd Səid Ordubadinin “İki çocuğun Avropa səyahəti” əsəri alman dilində işıq üzü görüb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, akademik İsa Həbibbəyli kitaba yazdığı “Ön söz”də Avropa oxucusuna M.S.Ordubadinin həyat və yaradıcılığı, habelə ədibin “İki çocuğun Avropa səyahəti” əsəri haqqında müfəssəl məlumat verib.

“İki çocuğun Avropa səyahəti” əsəri ilk dəfə 1907-1908-ci illərdə Bakıda çıxan “Tazə həyat” qəzetində əski əlifba ilə hissə-hissə çap olunub. 94 günlük səyahəti canlandıran və on məktubdan ibarət olan əsər Şərq-Qərb müqayisəsi yolu ilə milli oyanışa və dirçəlişə çağırış motivini əks etdirir. Qərb həyat tərzini təsvir edən bu əsər mövzu, süjet və kompozisiyası etibarilə məktub-romandır. Əsərdə “tərəqqi yoluna çox cəsarətlə addım atmış Almaniya”dan, “ticarətdə dünyaya güzgü misalı olan Belçika”dan, “dünyamızın bir ümumi mədrəsəsi” olan Parisdən, “dünya içində bir dünya olan Avstriya”dan və “Avropa şəhərləri səviyyəsində inkişaf edən Türkiyə”dən yazılmış məktublarda adları çəkilən ölkələrin iqtisadi, siyasi mənzərəsi, həyat tərzi haqqında ümumi məlumat verilməklə yanaşı, həmin ölkələrin sırf özünəməxsus xüsusiyyətləri də qələmə alınıb. Akademik İ.Həbibbəylinin qeyd etdiyi kimi, “Şərq-Qərb müqayisəsinin, Avrasiya düşüncəsinin reallıqlarını da meydana qoyan, Azərbaycan ədəbiyyatına maarifçilik düşüncəsi gətirən”, XX əsrin əvvəllərində Azərbaycan oxucusunda Qərb ölkələrinin inkişaf səviyyəsi barədə gerçək təsəvvürlərin formalaşmasına imkan yaradan” bu əsər “ədəbiyyatda Şərq-Qərb baxışının ordubadnaməsi”dir.

Alman dilində nəşr olunan “İki çocuğun Avropa səyahəti” (“Die Reise zweier Jungen nach Europa”) kitabı artıq Alman Milli Kitabxanasının biblioqrafiyasında qeydiyyatdan keçirilib. Əsər haqqında ətraflı biblioqrafik məlumatları http://www.d-nb.de saytında əldə etmək mümkündür.

Əsəri alman dilinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova tərcümə edib.

M.S.Ordubadinin alman dilində nəşr olunmuş “İki çocuğun Avropa səyahəti” əsəri Azərbaycan-alman elmi-ədəbi əlaqələrinin daha bir maraqlı səhifəsidir. İnanırıq ki, bu qiymətli nəşr Avropa oxucularının böyük marağına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.