DÜNYA
İki gündür Şinzo Abe parlamentin xüsusi sessiyasında sualları cavablandırır
Tokio, 26 iyul, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe iki gündür ki, parlamentin xüsusi sessiyasında vəzifə mövqeyindən şəxsi məqsədlər üçün istifadə barədə ona yönəldilən ittiham xarakterli sualları cavablandırır. O, köhnə dostuna Yaponiyanın qərbində baytarlıq məktəbinin açılması üçün kömək etməkdə şübhəli bilinir.
NHK telekanalının verdiyi məlumata görə, parlament üzvləri Şinzo Abeyə dostunun məsələ ilə əlaqədar ərizə verməsinin ona nə vaxt məlum olması barədə suallar veriblər.
Müxalifət liderinin bildirdiyinə görə, Ş.Abenin sessiyanın birinci günü verdiyi cavablar onun parlamentdə əvvəllər səsləndirdiyi bəyanata ziddir. Baş nazir bildirib ki, dostunun ərizə ilə müraciət etməsi barədə ona yanvarın 20-də tenderin qalibi elan edildikdən sonra məlum olub.
Təhsil nazirinin sabiq müavini Kihey Maekava Baş nazirin dəftərxanasını ərizənin qəbul olunması prosedurunu pozmaqda ittiham edib. K.Maekava bəyan edib ki, tenderin Ş.Abenin dostu Kotaro Kakenin qələbəsi ilə başa çatacağı əvvəlcədən həll edilmişdi.
Parlamentin növbədənkənar sessiyası Ş.Abe kabinetinin reytinqinin kəskin düşdüyü bir vaxtda keçirilir. Bu cür qalmaqallar fonunda Baş nazir gələn həftə hökumətin tərkibində dəyişikliklər edəcəyini bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio