İQTİSADİYYAT
İki hərəkət istiqaməti olan küçələrdə xüsusi hərəkət zolaqları olmayacaq
Bakı, 28 mart, Elvin Camalov, AZƏRTAC
İki hərəkət istiqaməti olan küçələrdə xüsusi hərəkət zolaqları olmayacaq.
Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, üç və daha artıq hərəkət zolağı olan küçə və prospektlərdə avtobuslar üçün xüsusi yol olacaq. Amma iki hərəkət istiqaməti olan küçələrdə bu cür zolaqların çəkilməsi məsləhət deyil. Həmin ərazilərdə sıxlıq çox olur və zolağın olması əlavə gərginlik yaradar.
M.Ağayevin sözlərinə görə, çəkilən zolaqdan yalnız həmin küçədən keçən marşrut xətləri istifadə edə bilər. Məsələn, “28 May” küçəsində hərəkət edən avtobus təsadüfən Yusif Səfərov küçəsinə giribsə belə, onun hərəkəti qadağandır və cərimə olunacaq. Həmin küçədə xidmət edən avtobus, hərəkətdə olarkən, habelə, dayanacağa girərkən zolaqda olan digər avtobusu keçə bilməz. Bu təyin olunmuş marşrut xəttinin pozulması deməkdir.
Həmçinin M.Ağayev qeyd edib ki, Xüsusi hərəkət zolağından yalnız operativ nəqliyyat vasitələri - təcili yardım maşını, yanğınsöndürən maşın və polis istifadə edə bilər.