İQTİSADİYYAT
İki il ərzində 503 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb olunub VİDEO
Bakı, 19 yanvar, Elvin Camalov, AZƏRTAC
İki il ərzində 503 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mətbuat konfransında deyib.
O bildirib ki, hər il olduğu kimi ötən ildə də Dövlət Gömrük Komitəsi (DGK) nizam-intizama xüsusi diqqət yetirib. Belə ki, 2016-cı ildə 246, 2015-ci ildə isə 257 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb olunub və bunlardan 84 nəfəri işdən azad olunub.
A.Əliyevin sözlərinə görə, əməkdaşlar arasında öz ərizəsi ilə işdən azad olunanlar da var. Gömrük xidməti orqanları əməkdaşlarının 10-u barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Bununla bağlı araşdırmalar davam edir.
Gömrük əməkdaşları ilə bağlı məlumat verən A.Əliyev, həmçinin qeyd edib ki, gömrük orqanlarında kadr çatışmazlığı da mövcuddur. “Hazırda Dövlət Gömrük Komitəsinin sərhəd-keçid məntəqələrində və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində kadr çatışmazlığı problemi mövcuddur”, - deyə komitə sədri bildirib.