REGİONLAR
İki ildə ölkə ərazisində modul tipli 232 məktəb quraşdırılacaq VİDEO
İsmayıllı-Göyçay, 26 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin təşkilatçılığı ilə aprelin 26-da İsmayıllı və Göyçay rayonlarına media tur təşkil edilib. Media turun məqsədi həmin bölgələrdə quraşdırılan modul tipli məktəblər haqqında KİV nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etməkdir.
AZƏRTAC xəbər verir ki İsmayıllının Yenikənd və Göyçayın Hacıağabəyli kəndlərində quraşdırılan yeni ümumi orta və ibtidai məktəblərə baş çəkən jurnalistlərə modul tipli məktəb binalarının sinif və müəllimlər otağı, sanitar qovşaq, istilik sistemi ilə təmin edildiyi barədə məlumat verilib. Qeyd olunub ki, Yenikənd məktəbində hazırda 9 şagird, Hacıağabəyli kənd məktəbində isə 16 şagird təhsil alır.
Media tur zamanı bildirilib ki, ötən ilin oktyabrında regionların sosial-iqtisadi inkişafına dair müşavirədə Prezident İlham Əliyevin qəzalı vəziyyətdə olan məktəblərin 2017-2018-ci illərdə modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına əsasən, ilk pilot layihə çərçivəsində artıq Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb binası quraşdırılaraq təhvil verilib. 2017-2018-ci illərdə 232 məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb. Cari ilin sonuna qədər 100-dək bu tip məktəb binası təhvil veriləcək. Hazırda 17 rayonda 23 modul tipli məktəbin quraşdırılmasına başlanılıb. Mayın sonunadək daha 19 məktəb binasının quraşdırılması nəzərdə tutulur.
Bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun sinif otaqlarının azaldılıb-artırıla bilməsindədir. Modul tipli məktəblərin digər üstünlüyü ondadır ki, bu cür binalarda istilik itkisi iki dəfə az olur, rütubət isə ümumiyyətcə olmur. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.