CƏMİYYƏT
İki kiloqrama yaxın narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb
Bakı, 1aprel, AZƏRTAC
Astara Gömrük İdarəsinin əməkdaşları 1 kiloqram 830 qram narkotik vasitə olan heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Gömrük Postunda İran İslam Respublikasından piyada yolla Azərbaycana gələn Pərvanə Əhmədova saxlanılıb və ona məxsus əl yükünə gömrük baxışı keçirilib. Baxış zamanı əl yükündə üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində gizlədilən və xalis çəkisi 880 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Eyni üsuldan istifadə edərək ölkə ərazisinə narkotik vasitə keçirmək istəyən Azərbaycan vətəndaşı İlqar Piriyev də saxlanılıb. İ.Piriyev piyada yolla İrandan Azərbaycana gələrkən ona məxsus iki ədəd əl yükünə gömrük baxışı keçirilib. Gömrük nəzarəti zamanı üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisindən çəkisi 950 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.