İQTİSADİYYAT


İki mindən artıq avtobusa “GPS” sistemi quraşdırılacaq VİDEO

A+ A

Bakı, 25 oktyabr, Elvin Camalov, AZƏRTAC

İki mindən artıq avtobusa “GPS” sistemi quraşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, BNA tərəfindən daşıyıcı şirkətlər qarşısında qoyulan növbəti tələb müntəzəm sərnişindaşımada istifadə edilən avtobusların Qlobal Mövqetəyinetmə Sistemi (“GPS”) qurğusu ilə təchiz edilməsidir. “GPS” izləmə cihazlarının quraşdırılması Bakı Nəqliyyat Agentliyinin qarşısında qoyulan tapşırıqların icrasının təmin edilməsi, həmçinin avtobuslarla müntəzəm sərnişindaşımalarda keyfiyyətin, səmərəliliyin, o cümlədən yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində görüləcək işlərin sürətləndirilməsi baxımından məqsədəuyğun hesab edilir. Belə ki, bu avadanlıqlar vasitəsilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq. Beynəlxalq təcrübədə geniş istifadə edilən “GPS” izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcək.

Bundan əlavə, gün ərzində şəhər mərkəzinin küçə və prospektlərindən, eləcə də kənd və qəsəbələrdən keçən 2000-dən artıq avtobusda quraşdırılacaq “GPS” izləmə cihazı vasitəsilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsilə görə biləcəkdir. Eyni zamanda, “GPS” izləmə cihazları vasitəsilə müntəzəm sərnişindaşımalarda istismar edilən avtobusların gün ərzində dövrələrinin sayına, sürücülərin avtobusları dayanacaqdan kənarda saxlamalarına, avtobusları hansı sürətlə idarə etmələrinə dair statistik məlumatlar qeydə alınacaq ki, həmin məlumatlar əsasında müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcıların, onların sürücülərinin qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə hansı səviyyədə riayət etmələri müəyyənləşəcək. Aşkarlanacaq qayda pozuntularının (sürət həddini aşma, dayanacaqdan saxlamadan keçmə, kənar dayanacaq və sair) növünə görə daşıyıcılar, sürücülər inzibati məsuliyyətə cəlb olunmaqla yanaşı, həm də ehtiyac yarandığı halda sərnişindaşıma qaydalarının pozulmasına görə müvafiq qaydada daşımalardan kənarlaşdırılacaq.

Gələcəkdə müntəzəm marşrutlar üzrə sərnişindaşımalara daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsində, daşıyıcıların göstərdikləri xidmət səviyyəsinin qiymətləndirilməsində “GPS” izləmə cihazlarından əldə olunan statistik məlumatlar mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.