CƏMİYYƏT
İki ölkənin bariatrik cərrahlarının iştirakı ilə konqres keçiriləcək
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 7-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3-cü Beynəlxalq bariatrik- metabolik cərrahiyyə konqresi keçiriləcək.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqresdə Azərbaycan və Türkiyənin tanınmış mütəxəssisləri bariatrik cərrahiyyənin ayrı-ayrı aktual məsələləri ilə əlaqədar məruzələr edəcək, videotəsvirlər nümayiş olunacaq və konqres iştirakçılarını maraqlandıran suallara cavablar veriləcəkdir.
Günün ikinci yarısında İstanbul Universiteti və Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedralarının tanınmış mütəxəssislərinin iştirakı ilə bariatrik cərrahiyyə əməliyyatı nümayiş etdiriləcəkdir.
Konqresin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.