MƏDƏNİYYƏT
İki qurum arasında birgə əməkdaşlıq barədə memorandum imzalanıb
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Azərbaycan Konqreslər Bürosunun (AzCB) rəhbər komitəsinin növbəti iclası keçirilib.
Mədəniyyət və Turizm Nazirinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclas çərçivəsində AzCB ilə Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, bir ildən artıqdır fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun sıraları getdikcə genişlənir. Nazir müavininin sözlərinə görə, 14 nəfər təsisçi üzvlə öz işinə başlayan qurumun artıq 23 üzvü var. Bu il başlayandan bir neçə şirkət də büroya üzv olmaq üçün müraciət edib. Hazırda onların sənədlərinə baxılır. Bu onu göstərir ki, Azərbaycan turizm sənayesinin nümayəndələri bu quruma inanır. Mədəniyyət və Turizm Nazirliyi Konqreslər Bürosunun fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir.
Azərbaycan Konqreslər Bürosunun (AzCB) Rəhbər Komitəsinin iclası ildə iki dəfə keçirilir. Qurumun budəfəki iclasında yeni büro üzvləri təqdim olunub, cari il üçün prioritet məsələlər müzakirə edilib.