CƏMİYYƏT


“İki sahil” qəzetinin 25 yaşı tamam olub

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

“İki sahil” qəzetinin 25 yaşı tamam olub. Əsrin dörddə birini geridə qoyan “İki sahil” qəzeti bu gün 25 ilin zirvəsindən keçilən yola baxır. Tarix baxımından 25 il qısa dövr hesab edilsə də, “İki sahil”in səhifələrini vərəqləyənlər bu illər ərzində yaddaqalan, əlamətdar, maraqlı hadisələrlə bağlı yazılarla tanış ola bilərlər.

AZƏRTAC xəbər verir ki, “İki sahil” qəzeti kifayət qədər çətin tarixi bir şəraitdə yaranıb. 1990-1991-ci illərdə Azərbaycanda xaos, anarxiya hökm sürürdü. Ölkəmiz həmin illərdə sovetlər birliyinin dağılması və müstəqil dövlət quruculuğu proseslərini yaşama ərəfəsində idi. Respublikada özbaşınalıq, mətbuata təzyiqlər, azad sözün boğulması adi hala çevrilmişdi. Məhz bu dövrdə nəşrə başlayan “İki sahil” bütün çətinliklərə baxmayaraq, dövlətçilik və milli maraqlar uğrunda əzmlə mübarizə aparır, oxucuları doğru, dəqiq informasiya ilə təmin edirdi.

Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etsə də, o zamankı iqtidarın yarıtmaz fəaliyyəti, hakimiyyət uğrunda mübarizənin dərinləşməsi ölkənin varlığını, suverenliyini sual altında qoymuşdu. O dövrdə “İki sahil” öz səhifələrində reallıqları olduğu kimi oxuculara çatdırmaqdan, Azərbaycanın xilaskarının ümummilli lider Heydər Əliyev olduğunu qətiyyətlə bəyan edirdi. Nəşrə başladığı ilk gündən Heydər Əliyevin ideyaları, azərbaycançılıq məfkurəsi qəzetin əsas prinsiplərinə çevrilmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələr kimi, müstəqil mətbuatın inkişafına da xüsusi diqqət və qayğı göstərdi. Mətbuat azadlığının inkişafına əngəl olan süni maneələr aradan qaldırıldı, bu sahədə mükəmməl qanunvericilik bazası yaradıldı.

Ümummilli Lider YAP-ın yaradılmasının ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirərək deyib: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”.

“İki sahil”in baş redaktoru Vüqar Rəhimzadə deyir: “Qəzetimizin 25 illik yubileyinin Azərbaycanın 25 illik müstəqillik tarixi ilə üst-üstə düşməsi mühüm hadisədir. Müstəqilliyimizin qorunması naminə göstərilən fədakarlıq, müstəqil Azərbaycanla yanaşı, “İki sahil”in də keçdiyi inkişaf yoludur. Qəzet hər zaman mətbuatın qarşısında dayanan peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təbliğatçısına çevrilib.

Qəzetin fəaliyyətini fərqləndirən mühüm xüsusiyyətlərdən biri Azərbaycanın dövlət quruculuğu prosesinin bütün mərhələlərini öz prinsiplərinə müvafiq əks etdirməsidir. Müasir dövlət quruculuğu prosesləri, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Azərbaycan mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləri qəzetdə dolğun şəkildə əks etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası, Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və s. sahələrdə reallaşdırdığı layihələr qəzetimizin səhifələrində xüsusi yer tutur”.

SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən “İki sahil” qəzeti öz səhifələrində ölkənin dinamik inkişafına stimul verən iqtisadi tərəqqini, bu inkişafı şərtləndirən amilləri, xüsusilə Azərbaycanı dünyada tanıdan və ölkəmizin enerji bazarındakı mövqeyini möhkəmləndirən neft-qaz layihələri ilə bağlı yenilikləri ətraflı şəkildə oxuculara çatdırır. Təsadüfi deyil ki, “İki sahil” qəzetinin hər il Neftçilər Günü ərəfəsində Azərbaycanın neft-qaz sənayesində qazandığı uğurların geniş təhlilini özündə əks etdirən “Xüsusi buraxılış” hazırlaması cəmiyyətin avanqard qüvvəsi olan çoxminli neftçilər ordusu tərəfindən böyük sevinc hissi ilə qarşılanır.

Baş redaktor V.Rəhimzadə deyir: “Təbii ki, bütün bunlar qəzetimizin keçdiyi inkişaf yoluna qısa bir nəzərdir. Bu uğurlar birgə səylərin məhsuludur. İnkişafı, yeniliyi, təbliğ etməyi qarşısına məqsəd qoyan “İki sahil”in fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Ötən dövrdə qəzetimizin əməkdaşları “Əməkdar jurnalist” fəxri adına və “Tərəqqi” medalına layiq görülüblər. Bu diqqət və qayğı məsuliyyət hissimizi daha da artırır. Şübhəsiz ki, hər zaman öz əqidəsinə sadiq qalan “İki sahil” bundan sonra da çoxəsrlik dövlətçilik ənənələrimizin, milli mənəvi dəyərlərimizin, həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında səylə çalışacaq, bu müqəddəs missiyanı uğurla yerinə yetirəcək. Qəzetimizin ötən 25 ildə keçdiyi zəngin və şərəfli tarix böyük təcrübə, gələcək üçün möhkəm təməldir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.