CƏMİYYƏT
İki yaşlı şəhid Zəhra Quliyevanın xatirəsinə həsr olunan poster müsabiqəsi başa çatıb
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmaları nəticəsində nənəsi ilə birlikdə həlak olan 2 yaşlı Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş poster müsabiqəsi başa çatıb. Gənclər Təşkilatları Milli Şurası tərəfindən 22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü ərəfəsində keçirilən müsabiqənin məqsədi hər gün dünyada balaca Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşağın faciə qurbanına çevrildiyini dünyaya çatdırmaqdır.
Şuradan AZƏRTAC-a bildiriblər ki, on gün davam edən müsabiqə nəticəsində gənc rəssam və dizaynerlər “Uşaqlar nifrət cinayəti qurbanları kimi” mövzusuna həsr olunan posterlər təqdim ediblər. Təqdim olunan posterlərdən uğurlu olanları seçilərək elektron albom hazırlanıb və Avropa Şurasına üzv ölkələrə, Avropa Şurası Parlament Assambleyasının deputatlarına, insan hüquqları, uşaq hüquqları üzrə fəaliyyət göstərən qurumlara, beynəlxalq gənclər təşkilatlarına göndərilib. “Uşaqlar hədəf deyil!”, “Atəşkəs” “sülh” demək deyil” kimi şüarları altında hazırlanan posterlərlə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür (https://goo.gl/GwMr33).
Qeyd edək ki, 22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Gününün əsas məqsədi nifrət nitqi hədəfinə çevrilən və ondan əziyyət çəkən insanları tanımaq, yerli və beynəlxalq səviyyədə nifrət nitqi qurbanları və insan hüquqları haqqında məlumatlılığı artırmaqdır.
Nifrət qurbanları nifrət əsaslı və nifrət nitqi nəticəsində cinayətlərə uğramış, fiziki və mənəvi xəsarət alan şəxslərdir. Həmçinin dünyada cəbhə bölgələrində və konfliktli ərazilərdə yaşayan sakinlər bir çox hallarda nifrət nitqi və cinayəti ilə üzləşirlər. Şura sosial şəbəkələrdə nifrət nitqinin qarşısını almağın yollarını izah edən videoçarx hazırlayıb. Videoçarxı https://goo.gl/mk9Qng linkindən izləmək mümkündür.
Avropa Şurası tərəfindən həyata keçirilən "Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində bu quruma üzv ölkələrdə müxtəlif tədbirlər təşkil olunur.