ELM VƏ TƏHSİL
İkinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan olunub
Bakı, 16 mart, AZƏRTAC
Elmin İnkişafı Fondu 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli Sazişin müddəalarını nəzərə almaqla ikinci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, müsabiqə Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti fəaliyyət göstərən yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər dörd tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə imkanlar yaratmaq məqsədilə elan edilib. Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli layihələr və yüz min manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 16-dan mayın 15-i saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsinin məcburi dövlət ekspertizasının bitmə tarixindən asılı olaraq 2017-ci ilin sentyabrında açıqlanması planlaşdırılır.
Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim oluna bilər. Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.