ELM VƏ TEXNOLOGİYA


İkinci Azərbaycan Elm Festivalı çərçivəsində mühazirələr dinlənilib

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında ikinci Azərbaycan Elm Festivalı çərçivəsində mühazirələr təşkil edilib.

AZƏRTAC xəbər verir ki, alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Müasir dövrdə molekulyar biologiya, biofizika, biotexnologiya, tibbin innovasiya və etika problemləri” mövzusunda mühazirə oxuyub.

Mühazirəçi bildirib ki, son illərdə molekulyar biologiya, xüsusilə biotexnologiya çox sürətlə inkişaf edir. Bu sahələrin inkişafı yeni elm sahələrinin yaranmasına gətirib çıxarır. Molekulyar biologiya və biotexnologiyalar sahələrində əldə olunan uğurların tibb, kənd təsərrüfatı və digər sahələrdə tətbiqi ilə bağlı fikirlərini bildirən akademik Ə.Əmiraslanov müasir reproduktiv sağlamlıq problemlərindən, bu sahədə əldə olunan nailiyyətlərdən bəhs edib.

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Alp-Himalay seysmik qurşağının geodinamik prosesləri” mövzusunda söylədiyi mühazirədə dünyada gedən seysmoloji proseslərdən və bu sahədə aparılan elmi araşdırmalardan danışıb.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlının “Siyasi tarixin bəzi problemlərinin tədqiqinin metodoloji tələblərinə dair” mövzusunda mühazirəsi dinlənilib. Tarixçi alim mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Fərqli ədəbi cərəyanlarda neosufizmin təzahürü” adlı mühazirəsində neosufizmin mahiyyəti barədə məlumat verilib. Bildirilib ki, neosufizm ədəbiyyat, incəsənət, həm də fəlsəfə hadisəsidir.

Sonra Geologiya və Geofizika İnstitutunun əməkdaşı Fərəh Məmmədova “Azərbaycanda tibbi geologiyanın aktual problemləri” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə tibbi geologiyanın müasir elmin istiqamətlərindən biri olduğu, geoloji obyektlərin və proseslərin insan sağlamlığına təsirini öyrəndiyi diqqətə çatdırılıb.

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədovun “Kənd təsərrüfatı biotexnologiyası: qlobal təcrübələrdən alınan dərslər” mövzusunda mühazirəsində genetik modifikasiya olunmuş orqanizm (GMO) barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşı, polis polkovnik-leytenantı Rafiq Nəcəfquliyevin “Virtual aləm anlayışı və burada törədilən bəzi hüququ pozuntularının qarşısının alınması haqqında” mövzusunda mühazirəsində bildirilib ki, müasir dövrdə bütün dünyada olduğu kimi, bizim cəmiyyətimizdə də kompüter resursları vasitəsilə həyata keçirilən fəaliyyətlərin dairəsi genişlənir. Ölkəmizdə inovasiya sahəsinin, xüsusən də elektron inovasiyanın formalaşdırılması və mövcud təcrübənin inkişaf etdirilməsi üzrə hüquqi tənzimlənmə üçün aidiyyəti tədbirlər həyata keçirilir.

Tədbirdə digər mövzularda mühazirələr dinlənilib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.