ELM VƏ TEXNOLOGİYA


İkinci Azərbaycan Elm Festivalına hazırlıq işləri ilə bağlı iclas keçirilib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində ikinci Azərbaycan Elm Festivalına hazırlıq işləri ilə bağlı iclas keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva elmin populyarlaşdırılmasında festivalın mühüm rolundan danışıb. N.Quliyeva oktyabrın 31-dən noyabrın 5-dək keçiriləcək festivalın hazırlıq işlərinin Bakı ilə yanaşı, regionlarda da yüksək səviyyədə davam etdiyini bildirib. Birinci Elm Festivalında 15 mindən çox insanın iştirak etdiyini xatırladan direktor bu il festivalda təxminən 50 mindən çox insanın iştirakının gözlənildiyini bildirib.

Bildirilib ki, Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçiriləcək festival çərçivəsində ölkə alimlərinin ən son nailiyyətləri nümayiş olunacaq, müxtəlif konfranslar, konsertlər, regional elmi mərkəzlərə ekskursiyalar təşkil ediləcək. Həmçinin gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

N.Quliyeva qeyd edib ki, festival AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.