REGİONLAR


İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi çərçivəsində elmi-populyar məruzələr dinlənilib

A+ A

Naxçıvan, 2 noyabr, AZƏRTAC

İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində elmi-populyar məruzələrlə davam etdirilib.

AZƏRTAC xəbər verir ki, festival iştirakçılarını salamlayan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev elmin inkişafının ölkəmizdə, o cümlədən muxtar respublikamızda daim dövlətimizin diqqət mərkəzində olduğunu qeyd edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan akademik bu gün muxtar respublikada elmin hərtərəfli qayğı ilə əhatə olunduğunu, elmi mühitin formalaşdığını, elm sahəsində yeni-yeni nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. O, ikinci Azərbaycan Elm Festivalının əldə olunmuş elmi nailiyyətlərin daha geniş təbliğinə xidmət etdiyini qeyd edib, festivalın ilk mərhələsinin qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda keçirilməsinin əhəmiyyətini vurğulayıb.

İsmayıl Hacıyev çıxışını “Tarixi biliklər ictimai-siyasi hadisələrin təhlilində mühüm vasitə kimi” mövzusunda məruzəsi ilə davam etdirib. Qeyd edib ki, tarixi biliklər cəmiyyət həyatında baş verən istənilən ictimai-siyasi prosesin düzgün qiymətləndirilməsində mühüm rol oynayır. Bu baxımdan tarixi biliklərin öyrənilməsi, təkcə elm adamları üçün deyil, hər kəs üçün vacibdir.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda məruzəsində multikulturalizmin Azərbaycan xalqının milli dəyərlər sistemindəki rolundan bəhs edib, ədəbi-bədii qaynaqlarda əksini tapmış multikultural dəyərlər haqqında ətraflı söhbət açıb.

“Naxçıvan abidələri Azərbaycan memarlıq elmində” adlı məruzə ilə çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə vurğulayıb ki, Naxçıvan ərazisində dünyamiqyaslı bir sıra tarixi-memarlıq abidələri mövcuddur. Onların hər biri Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirir. Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir.

Azərbaycan Tibb Universitetinin professoru, “Sağlam Nəsil” İctimai Birliyinin rəhbəri Nigar Kamilovanın “Azərbaycan Respublikasında məcburi köçkünlərin sağlamlıq faktorlarının kompleks tibbi-sosial müayinələri” adlı məruzəsində bu barədə dinləyicilərə ətraflı məlumat verilib.

AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, AMEA “Alimlər evi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin inkişafından, elm sahəsində əldə edilən nailiyyətlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, elmə göstərilən yüksək dövlət qayğısı müxtəlif elm sahələrinin populyarlaşmasına səbəb olub. Bu gün Azərbaycanda bir sıra sahələrlə yanaşı, elm də inkişaf edir, bu sahədə yeni-yeni nailiyyətlər əldə olunur.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvan epiqrafik abidələri Azərbaycan tarixinin mənbəyi kimi”, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanın arxeoloji abidələri”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “XX əsrin əvvəllərində böyük güclərin geosiyasi maraqlarında Naxçıvanın yeri”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Kəngərlilərin orta əsr Naxçıvanının ictimai-siyasi həyatında rolu” mövzusunda elmi-populyar məruzələri böyük maraqla qarşılanıb.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.