İQTİSADİYYAT


İkinci “Azərbaycan görüşlər sənayesi” işgüzar görüşü Moskvada baş tutub

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu növbəti dəfə Azərbaycan və Rusiya konqres, görüş və tədbirlər sahəsi təmsilçilərini bir araya gətirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə büro Moskvada ikinci “Azərbaycan görüşlər sənayesi” adlı işgüzar tədbir təşkil edib. Tədbir Rusiyanın turizm sahəsində çalışan işgüzar, nüfuzlu təşkilat və vasitəçilərini büronun tərəfdaşları ilə bir araya gətirib. Görüşdə büronun tərəfdaşları sırasında “Boulevard Hotel Baku”, “Fairmont Hotel Baku”, “Holiday Inn Hotel Baku”, “Hilton Hotel Baku”, “Hyatt Regency Baku”, “Jumeirah Bilgah Beach Hotel”, “Park Inn by Radisson Baku”, “Shahdag Mountain Resort”, “Caspian Event Organisers”, “Pasha Travel” və “BCD Global Travel” iştirak edib.

Tədbir zamanı ölkəmizin turizm sahəsində çalışan şirkətləri Rusiyanın 100-dən çox konqres, görüş və tədbirlər sahəsi təmsilçiləri ilə üz-üzə görüşlər keçirib.

Eyni zamanda, tədbirdə mətbuat konfransı təşkil olunub və ölkəmizin inkişaf edən görüş məkanı kimi tanınması haqqında məlumatlar rusiyalı media nümayəndələrinə çatdırılıb.

Tədbir iştirakçıları, həmçinin milli mətbəximizin şirniyyatları, çay və şərabları, eləcə də qədim toy adət-ənənələrimizdən olan xına mərasimi və basma sənətinin incəlikləri ilə tanış olma imkanı əldə ediblər.

Bundan əlavə, büronun tərəfdaşları rusiyalı iştirakçılar üçün sürpriz hədiyyələr də təqdim edib. Görüşdə mükafat olaraq Azərbaycana pulsuz səyahət və ekskursiya çəkilişi olub.

Qeyd edək ki, görüşün əsas məqsədi Rusiya bazarının Azərbaycan görüşlər sənayesinə olan marağını artırmaqdır. Belə görüşlərin keçirilməsi Azərbaycanda işgüzar turizmin inkişafına dəstək olmaqla yanaşı, beynəlxalq tədbirlərin keçirilməsinə imkan verən rahat infrastruktur və şərait barədə rusiyalı alıcıların məlumatlandırılması, Rusiyadan olan turistlərin sayının artırılması və bunun sayəsində yerli iqtisadiyyatın şaxələndirilməsi üçün olduqca əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.