CƏMİYYƏT


İkinci Beynəlxalq multikulturalizm yay məktəbinə hazırlıq işləri başa çatıb

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə iyulun 18-27-də keçiriləcək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq multikulturalizm yay məktəbi ilə bağlı son hazırlıq işləri yekunlaşıb.

Bu barədə AZƏRTAC-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə keçirilən toplantıda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən Prezidentin müəyyənləşdirdiyi - Azərbaycanı dünyada tanıtmaq hədəfini özünün prioritet istiqaməti elan edib. 2016-cı ilin “Multikulturalizm ili” elan olunması isə Multikulturalizm Mərkəzinə etimadın göstəricisi olmaqla bərabər, həm də bu qurumun məsuliyyətini artırıb, qarşıya yeni vəzifələr qoyub. Mərkəzin indiyədək həyata keçirdiyi çoxsaylı əhəmiyyətli layihələrdən biri də mütəmadi olaraq təşkil edilən, artıq ənənəyə çevrilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. Bu, ölkə rəhbərliyinin önəm verdiyi layihələrdəndir. Mərkəz II Beynəlxalq yay məktəbini keçirmək üçün artıq son hazırlıq işlərini başa çatdırıb. “İnanırıq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi II Beynəlxalq multikulturalizm yay məktəbini də yüksək səviyyədə həyata keçirərək, Prezidentin müəyyənləşdirdiyi hədəfin gerçəkləşməsi istiqamətində öz növbəti töhfələrini verəcək və bəslənilən etimadı doğruldacaq”, - deyə K.Abdullayev qeyd edib.

Bu layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.

Yay məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 16 universitetindən 38 tələbə, Azərbaycanın 12 universitetindən 19 tələbə iştirak edəcək.

İkinci Beynəlxalq multikulturalizm yay məktəbi Bakı şəhəri ilə yanaşı, Qəbələ, Oğuz, İsmayıllı, Şəki və Qaxda fəaliyyət göstərəcək. Yay məktəbi ərzində tələbələr Azərbaycandakı dini və milli dəyərlərin təbliğinə və təşviqinə həsr olunmuş “dəyirmi masa”, konfrans və toplantılarda iştirak edəcək, xarici və yerli mütəxəssislərin mühazirələrini dinləyəcəklər.

Yay məktəbi ərzində iştirakçıların Azərbaycanın Nic, İvanovka, Lahıc, Kiş, Oğuzdakı “Cuhudlar məhəlləsi” kimi multikultural və çoxkonfessiyalı unikal məkanlara səfərləri, ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri, görkəmli dövlət və din xadimləri ilə görüşləri planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.