REGİONLAR
İkinci Dünya Müharibəsində 5 min 612 nəfər astaralı döyüşçü iştirak edib
Astara, 3 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 3-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində alman faşizmi üzərində Qələbənin 71-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra İkinci Dünya və Qarabağ müharibələrində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova İkinci Dünya Müharibəsində azərbaycanlı döyüşçülərin qəhrəmanlıqlarını, arxa cəbhədə çalışanların fədakar əməyini yüksək qiymətləndirib.
Ölkəmizdə müharibə iştirakçılarına göstərilən dövlət qayğısından söhbət açan K.Səmədova bu gün Azərbaycanın Qarabağ müharibəsinə cəlb olunduğunu və bu müharibədə minlərlə soydaşımızın şəhid olduğunu diqqətə çatdıraraq, erməni qəsbkarları tərəfindən zəbt olunmuş torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına əminliyini ifadə edib.
Çıxış edən Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları təşkilatı Astara rayon şöbəsinin sədri Rafiq Əliyev, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, rayon ağsaqqalı Salman Məmmədov, Astara Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov və rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Tural Eyvazov İkinci Dünya Müharibəsində Qələbənin əldə edilməsində azərbaycanlı döyüşçülərin, o cümlədən astaralıların qəhrəmanlıqlarından danışıb, ölkəmizdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, İkinci Dünya Müharibəsində 5 min 612 nəfər astaralı döyüşçü iştirak edib. Onlardan 1064 nəfəri müharibədə şəhid olub, 827 nəfəri isə itkin düşüb.
Tədbirin sonunda İkinci Dünya Müharibəsi haqqında sənədli film nümayiş etdirilib.