REGİONLAR
İkinci Dünya müharibəsində iştirak edən naftalanlı veteranlar döyüş xatirələrini gənclərlə bölüşüblər
Naftalan, 9 may, Rauf Hacıyev, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətində Böyük Vətən müharibəsində Qələbənin 72-ci ildönümü münasibətilə müharibə iştirakçıları və veteranlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri açan Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov müharibə veteranlarını faşizm üzərində qazanılan Qələbə münasibətilə təbrik edib.
Bildirilib ki, Qafqaz cəbhəsindən Berlinədək çətin və şərəfli döyüş yolu keçən hər bir müharibə iştirakçısının, veteranının zəngin həyat təcrübəsi yetişməkdə olan gənc nəsil üçün əsl örnəkdir. Ona görə də 72 il əvvəl dünyanı faşizmin dəhşətindən xilas edən və xalqlara azadlıq gətirən bu insanlar dərin minnətdarlığa və böyük hörmətə layiqdirlər.
Tədbirdə çıxış edənlər faşizm üzərində Qələbənin qazanılmasında azərbaycanlıların fədakar əməyindən və Azərbaycan neftinin rolundan bəhs ediblər. Müharibə veteranları 1941-1945-ci illərin soyuq və şaxtalı qış günlərində ağır şəraitdə keçən döyüşlərdən və müxtəlif cəbhələrdə vuruşan səngər yoldaşlarının qəhrəmanlığından danışıblar.
Sonda 9 May - Qələbə Günü münasibətilə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilib.