REGİONLAR
İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində Qaxda 28 infrastruktur layihəsi həyata keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
Qaxda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi 8-ci Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının yekun seminarı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Qax şəhərinə yığışan icma üzvlərinin kəndlərinin inkişafında belə yaxından iştirak etməklərinin qürurverici hal olduğunu söyləyib.
Musa Şəkiliyev Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi İkinci Kənd İnvestisiya Layihəsinin regionların inkişafında böyük rolu olduğunu bildirib. “Təkcə Qaxda bu layihənin köməyi ilə 28 sosial problem həllini tapıb” – deyə, icra hakimiyyətinin başçısı qeyd edib.
Sessiyaya 17 rayonun 58 kənd icmasından 91 nəfər iştirakçı qatılıb. Tədbir avqustun 1-dən başlayaraq bir həftə davam edib. İştirakçılar Saatlı, Ağcabədi, Bərdə, İmişli və Şəkinin layihələr icra olunan kəndlərinə səfər edərək, bir-birilərinin təcrübələrini öyrənib, təəssüratlarını paylaşıblar.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələrin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi İkinci Kənd İnvestisiya Layihəsi 10 ildən artıqdır icra olunur. Layihə çərçivəsində indiyədək 1800-ə yaxın sosial və iqtisadi yönümlü infrastruktur layihəsi həyata keçirilib.