İQTİSADİYYAT
İkinci qrant müsabiqəsinin qalibləri müəyyən edilib
Bakı, 27 yanvar, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclasında elan olunan 2-ci qrant müsabiqəsinə yekun vurulub.
Fonddan AZƏRTAC-a bildirilib ki, innovativ informasiya-kommunikasiya texnologiyaları xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) mövzusunda keçirilən 2-ci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunub. İlkin və kompleks ekspertizadan keçən 62 layihə fondun Müşahidə Şurasına təqdim olunub. Şura tərəfindən 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Qaliblər arasında “AZE_DataMiner”, “tacirlink.az”, “SoSmart”, “Muzeycard”, “Sizinmarket.az”, “e-Hesabat”, “investbaku.az”, “Mobil oyunun hazırlanması”, ““Online kurs sistemi”, “Shopera.az”, “Bakı şəhərinin CİS əsaslı elektron xəritəsinin veb və mobil xidmətlərinin yaradılması”, “Məsafədən idarə olunan çox funksionallı smart qurğu”, “Kitab-app”, “GeoSatLink”, “D-təhsil” və s. layihələri qeyd etmək olar. Ümumilikdə layihələrin həyata keçirilməsinə 300 min manatdan yuxarı vəsait ayrılıb.