ELM VƏ TƏHSİL
“İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kataloqu bu elm müəssisəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanova tərtib edib.
Nəşrə ərəb, fars və türk dillərində qiraət, təcvid və təfsirə dair əlyazmaların elmi-paleoqrafik təsviri daxil olunub.
Kataloq “Qiraət və təcvidə dair əlyazmaların təsviri”, “Təfsirə dair ərəbdilli əlyazmaların təsviri”, “Təfsirə dair farsdilli əlyazmaların təsviri”, “Təfsirə türkdilli əlyazmaların təsviri”, “Quran elmlərinə dair ərəb, fars və türkdilli əlyazmaların təsviri” , “Təsvir olunmuş əlyazmaların göstəriciləri” və s. bölmələrdən ibarətdir.
Kitabın elmi redaktorları - institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və ərəbdilli əlyazmalar şöbəsinin müdiri, filologiya elmləri doktoru Kamandar Şəriflidir. Farsdilli əlyazma təsvirlərinin redaktoru Könül Bağırova, ərəbdilli əlyazma təsvirlərinin redaktoru isə Yeganə Rəhnulladır.
Qeyd edək ki, bu cilddə indiyədək heç yerdə yayımlanmayan bir çox əsərlər yer alıb. Həmin əsərlər paleoqrafik xüsusiyyətləri, tərtibatı və yazılış tarixinin qədimliyinə görə xüsusi maraq doğurur.