CƏMİYYƏT


İlanlar, Afrika vəhşi itləri və boz tutuquşuları CİTES Konvensiyasının siyahısına daxil edilib

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Cənubi Afrikada keçirilmiş konfrans iştirakçıları 90 gündən sonra beynəlxalq ticarətin xüsusi nəzarət predmeti olacaq flora və faunanın yeni növlərini “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyanın (CİTES Konvensiyası) siyahısına əlavə ediblər. Onlar, həmçinin bəzi vəhşi heyvanların populyasiyasının artmasını və ya azalmasını nəzərə alaraq ticarət rejimi sərtləşdiriblər, yaxud da yüngülləşdiriblər.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Konvensiya iştirakçılarının 17-ci konfransında nadir bitki, heyvan və balıq növləri ilə bağlı beynəlxalq ticarətin tənzimlənməsinə dair 64 dövlətdən 62 təklif nəzərdən keçirilib. Təkliflərdən 51-i qəbul olunub, 5-i rədd edilib, 6-sı isə geri götürülüb. Sessiyada qərara alınıb ki, CİTES strombus və napoleon balıqlarının ticarətini tənzimləyəcək. Həmçinin ilanlar, Afrika vəhşi itləri və boz tutuquşuları CİTES-in siyahısına daxil edilib.

Sessiyada 170 ölkədən 3,5 min nümayəndə iştirak edib. Nümayəndələr qərara gəliblər ki, CİTES-in növbəti konfransı 2019-cu ildə Şri-Lankada keçiriləcək.

CİTES Konvensiyası 1975-ci ildə Vaşinqtonda qəbul edilib. Hazırda Konvensiyaya 176 dövlət qoşulub.

Xatırladaq ki, “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya Azərbaycan Respublikası tərəfindən 1998-ci ildə ratifikasiya olunub. 1999-cu ildə CİTES üzrə İnzibati Orqan kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi təyin edilib. Ötən müddət ərzində İnzibati Orqan tərəfindən idxal və ixrac əməliyyatlarını tənzimləyən 110 icazə sertifikatı verilib. CİTES Katibliyi tərəfindən tələb olunan hesabatlar mütəmadi olaraq tərtib edilərək qarşı tərəfə çatdırılıb. CİTES Katibliyi ilə İnzibati Orqan arasında məlumat mübadiləsi təşkil edilib. Onun tövsiyəsi əsasında Xəzəryanı ölkələr arasında ilk dəfə Azərbaycanda “Nərə cinsli balıq ehtiyatlarının istifadəsinin və dövriyyəsinin tənzimlənməsi Qaydaları” hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.