İQTİSADİYYAT
İlin birinci rübündə Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,2 milyard manatlıq məhsul istehsal olunmuşdur
Bakı, 16 aprel (AZƏRTAC). Cari ilin yanvar-mart aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,2 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sənaye məhsulunun 71,8 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 10,4 milyon ton neft, 4,5 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21 faizini təşkil etmişdir.
Qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, nəqliyyat vasitələri məhsullarının istehsalında daha çox artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 6,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 6,8 faiz üstələmiş, neft-qaz sektorunda isə 3,6 faiz azalmışdır. Ümumi sənaye istehsalının 93,0 faizi malların (əmtəələrin), 7,0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 80,2 faizi özəl bölmədə istehsal olunmuşdur.