REGİONLAR
İlin birinci rübündə Bərdədə 54,3 milyon manat dəyərində məhsul istehsal olunub
Bərdə, 18 aprel, AZƏRTAC
Cari ilin birinci rübü bərdəlilər üçün Prezident İlham Əliyevin martın 12-də Bərdəyə səfəri ilə yaddaqalan və əlamətdar olub. Dövlətimizin başçısı səfər zamanı Heydər Əliyev adına park-bulvarın, Bərdə regional “ASAN xidmət” mərkəzinin, 1 nömrəli Uşaq İncəsənət Məktəbinin, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun, Qarabağ Aqrar Sənaye Parkının açılışında iştirak edib, 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə və Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub. Rayonda son zamanlar görülən işlərə yüksək qiymət verən Prezident İlham Əliyev səfərdən dərhal sonra Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə cari ilin üç ayının yekunları ilə bağlı Bərdə rayonunda keçirilən yığıncaqda bəhs edilib.
Yığıncaqda bildirilib ki, hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində ardıcıl tədbirlər görülüb. Yol polisi xidmətinin inzibati binasının, şəhər 7 nömrəli ümumi orta və 2 nömrəli uşaq musiqi məktəblərinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bərdə şəhərinin İ.Qayıbov, Nüşabə və K.Cabbarov küçələri bütün kommunikasiya xətləri daxil olmaqla yenidən qurulub. Rayonun küçə və meydanlarında, yolların kənarlarında 25 mindən çox ağac və 51 mindən çox gül kolları əkilib. İki kənd qazlaşdırılıb, ərazi kənd təsərrüfatı idarəsinin, Toxumçuluq Müfəttişliyinin və aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, gənclər evinin, Mehdili kəndində müasir yem zavodunun tikintisi, tutumu 2 min ton olan soyuducu anbarın, 260 şagird yerlik Türkmən kənd tam orta məktəbinin, 1150 şagird yerlik şəhər 2 və 6 nömrəli, 480 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəblərin əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası davam etdirilib.
Diqqətə çatdırılıb ki, üç ayda rayonda 54,3 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 3,4 milyon manatlıq sənaye, 20,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, əsas kapitala 5,1 milyon manat investisiya yönəldilib.
Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilib, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində körpünün, hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb. Yaxın günlərdə həmin obyektlərin tikintisinə başlanacaq. Bundan başqa Nizami parkının, beşulduzlu mehmanxananın, Yeni Əyricə kəndi ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətdə olan körpünün, 5 ümumtəhsil məktəbinin, 1 nömrəli uşaq musiqi məktəbinin və tarix-diyarşünaslıq muzeyinin, 4 körpələr evi-uşaq bağçasının, yeni yaşayış binasının tikintisi, 8 ümumtəhsil məktəbinin və 2 körpələr evi-uşaq bağçasının əsaslı təmiri üçün ardıcıl iş aparılır.