REGİONLAR
İlin birinci yarısı Qazaxda böyük tikinti-quruculuq işləri ilə yadda qalıb
Qazax, 19 iyul, Famil Quliyev, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyətində cari ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda yarım il ərzində görülən işlər barəsində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun hesabatı dinlənilib.
Hesabat məruzəsində qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Ötən 6 ayda 10 yeni müəssisə yaradılıb, 218-i daimi olmaqla, 1060 yeni iş yeri açılıb.
Rayonda təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi, 2016-cı ilin 6 ayında da davam etdirilib. Kənd təsərrüfatı idarəsi üçün inşa edilən ikimərtəbəli binanın tikintisi başa çatdırılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində müasir tələblərə cavab verən Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilir. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq, rayonun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinin yerləşəcəyi yeni qəsəbənin bütün infrastrukturlarla birlikdə tikintisi başa çatdırılıb və məcburi köçkün ailələri evlərə köçürülüb. Yuxarı Salahlı kənd tam orta məktəbində əsaslı təmir və uzunluğu 10 kilometr olan Qazax-Kosalar avtomobil yolunun tikinti işlərinə başlanılıb. Rayonun Birinci Şıxlı kəndində 220 baş heyvandarlıq fermasının tikintisi başa çatıb və burada 25 nəfər işlə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün fərdi qaydada tikilməsi nəzərdə tutulmuş 14 yaşayış evindən 8 yaşayış evi istifadəyə verilib, 6 yaşayış evinin tikintisi davam etdirilir. Qazax Sement Zavodunda klinker istehsalı üzrə tikinti işləri aparılır. Hər birinin illik istehsal gücü 50 min ton olan 2 yeni əhəng zavodu tikilir. Bu zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub. Orta Salahlı kəndində isə quşçuluq fermalarının tikintisi işləri davam etdirilir.
Kənd təsərrüfatı sahəsində də uğurlu nəticələr qazanılıb. Cari ilin məhsulu üçün 7799 hektar sahəyə taxıl səpilib ki, bu da ötən ildəki göstəricidən 2240 hektar çoxdur. Artıq biçin başa çatıb, hər hektarda orta məhsuldarlıq 30,5 sentner, buğda sahələrində isə 34 sentner olub. Sahələrdən 23710 ton məhsul götürülüb. Bu da 2015-ci illə müqayisədə 5493 ton çoxdur. Cari ildə rayonda 1502 kiloqram barama istehsal edilib və 10 hektar sahəyə tütün əkilib.
Bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunub. Süni yolla mayalandırılan heyvanlardan 128 baş bala alınıb.
İclasda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.