İQTİSADİYYAT
İlin birinci yarısında Azərbaycanın sığorta sektorunda artım müşahidə olunub
Bakı, 10 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 285,3 milyon manat sığorta haqqı hesablanıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 42,950 milyon manat və ya 17,7 faiz çoxdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 101,4 milyon manat təşkil edib. Bu da 2015-ci ilə nisbətən 10,1 faiz çoxdur.
Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində könüllü sığorta növləri üzrə haqlar 15,54 faiz, ödənişlər isə 4,93 faiz artaraq, müvafiq olaraq 177, 1 və 75,1 milyon manat təşkil edib. Həyat sığortası bazarında yığım 35 faiz, ödəniş isə 1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7,5 faiz artıb, ödəniş isə 5 faiz azalıb.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35,5 manat ödəniş həyata keçirilib. Bu göstərici keçən ilin eyni dövrü üzrə 38 manat təşkil edib.