REGİONLAR
İlin birinci yarısında Gəncədə 311,2 milyon manatlıq məhsul istehsal edilib
Gəncə, 31 mart, Sabir Əliyev, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yığıncaqda hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, ötən altı ayda 311,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox məhsul istehsal edilib. Nəticədə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 320,2 manat, yəni keçən ildəkindən 2,3 faiz çox olub. Əhalinin pul gəlirləri artdıqca, onların sosial problemləri də qismən həll edilib. Belə ki, təkcə cari ilin 6 ayında əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə 3 min 443 kvadratmetr yaşayış sahəsi tikilib ki, bu da keçən illə müqayisədə 176 kvadratmetr çoxdur.
Bildirilib ki, altı ay ərzində tikinti-quraşdırma işlərinin həcmi də artıb. Əvvəllər olduğu kimi, hesabat dövründə də bu işlər sürətlə davam etdirilib. Gəncəçayın sağ sahilində park-bulvar kompleksinin tikintisində işlərin həcmi daha da genişləndirilib. Qərb regionunda ilk dəfə olaraq beşmərtəbəli “Mətbuat evi” istifadəyə verilib. Heydər Əliyev park-kompleksində açıq havada, 7 hektar sahədə “GəncLand” istirahət və əyləncə kompleksi fəaliyyətə başlayıb. Gəncə Dövlət Dram Teatrının bünövrəsi qoyulub, Gəncə Dövlət Filarmoniyasının inşası davam etdirilib.
Turistlərin Gəncəyə cəlb edilməsi istiqamətində də işlər görülüb. Belə ki, öz füsunkar təbiəti ilə insanı valeh edən Hacıkənd qəsəbəsində geniş abadlıq və quruculuq işləri aparılıb. Qəsəbədə Nizami Gəncəvinin adını daşıyan parkın ərazisi genişləndirilib, 200 poqonmetr bardür düzülüb, 12 ədəd müasir işıq dayağı basdırılıb, 700 kvadratmetr qazon salınıb, 100 kvadratmetr istinad divarı hörülüb.
Şəhərdaxili yolların yenidən qurulması da diqqət mərkəzində saxlanılıb. Əziz Əliyev, Qaçaq Nəbi və digər küçələrdə 2 kilometrə yaxın asfalt örtüyü salınıb. Vəli Xuluflu, Abbas Səhhət küçələrində, həmçinin Yeni Gəncə qəsəbəsində hündürmərtəbəli binalarda 20-yə yaxın lift yenisi ilə əvəz edilib. Nizami və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində yerləşən 2 ədəd hündürmərtəbəli yaşayış binasının fasadı kərpiclə üzlənib.
Yığıncaqda əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən də danışılıb. Bildirilib ki, 6 ayda şəhər məşğulluq mərkəzinə 497 nəfər müraciət edib, 277 nəfər daimi işlə təmin olunub.
Hesabat yığıncağında şəhərin təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən bəhs olunub, əhalinin qaz, işıq və su problemlərinin həlli istiqamətində görülən işlər müzakirə edilib.
Yığıncağın sonunda cari ilin ikinci yarısında görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.