REGİONLAR


İlin birinci yarısında Masallıda geniş tikinti-quruculuq işləri görülüb

A+ A

Masallı, 15 iyul, Bağır Əliyev, AZƏRTAC

Cari ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə Masallı üçün uğurlu olub, rayonda aqrar bölmənin inkişafı, yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq və abadlıq işləri sahəsində ardıcıl tədbirlər həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclasında səsləndirilib.

Yığıncaqda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun hesabat məruzəsi dinlənilib.

R.Hüseynov Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 10-da Nazirlər Kabinetinin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdıraraq, cari ilin altı ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Qeyd olunub ki, rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 258,4 milyon manat təşkil edib. Bu dövrdə sənaye məhsullarının həcmi 26,8 faiz artaraq 27,5 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi isə 12,8 faiz artaraq 56,8 milyon manata çatıb. Masallı Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmış 2894 işaxtaran vətəndaşın 897 nəfərinə göndəriş vərəqəsi verilib və onlardan 863 nəfəri işlə təmin olunub.

İlin birinci yarısında rayonda sosial məsələlərin həllinə də diqqət artırılıb, bir sıra yeni obyektlərin inşasına başlanılıb. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq rayonda dörd məktəbin -180 yerlik Şatıroba, 140 yerlik Çayqıraq, 140 yerlik Dəlləkoba tam orta və 120 yerlik Köhnə Zuvand kənd ümumi orta məktəb binalarının tikintisində son tamamlanma işləri aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 100 yerlik Masallı şəhər 5 və 60 yerlik şəhər 2 nömrəli, 40 yerlik Sərçuvar kənd uşaq bağçalarının binalarında tikinti işləri başa çatdırılıb. Xıl, Səmidxan, Gəyəçöl kənd həkim məntəqələri tikilərək istifadəyə verilib. Hazırda Mərkəzi Xəstəxananın əsaslı təmiri və Lürən, Məmmədoba, Yeyənkənd həkim məntəqələrinin tikintisi davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən Masallı Tarix-Diyarşünaslıq Muzeyində və Uşaq İncəsənət Məktəbində tikinti işləri başa çatdırılıb.

Masallı şəhərində böyük bir layihə - Viləş Park Bulvar Kompleksinin tikintisinə başlanılıb. İlkin olaraq ümumi uzunluğu 750 poqonmetr olan beton bəndin 340 poqonmetr hissəsində işlər yekunlaşıb. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılıb. Bayraq Meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin tikintisində son tamamlama işləri gedir.

“ASAN HƏYAT” kompleksində də tikinti işləri davam etdirilib. Hazırda kompleksin ərazisində kafe, rəsm qalereyası, ikimərtəbəli kinoteatr, iaşə və xidmət obyektlərinin tikinti işləri həyata keçirilir. Viləş çayının məcrasında yerləşən adada “ASAN HƏYAT” kompleksinə daxil olacaq istirahət guşəsinin tikintisi isə yekunlaşmaq üzrədir. Hesabat dövründə Masallı rayon məhkəməsinin inzibati binasının tikintisinə başlanılıb, rayon kənd təsərrüfatı idarəsinin inzibati və laboratoriya binasında inşaat işləri başa çatdırılıb.

Dövlət Proqramı çərçivəsində rayon mərkəzinə və 22 yaşayış məntəqəsinə Qızılağac, Hüseynhacılı, Öncəqala, Sığdaş, Xanalyan, Qodman, Babaküçə, Qasımlı, II Yeddioymaq və Məmmədoba kəndlərinə daşıyıcı orta təzyiqli qaz kəmərlərinin çəkilişi yekunlaşıb. “Azərsu” ASC və “Birləşmiş Sukanal” MMC tərəfindən, ümumilikdə, 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlanılıb.

Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.